Azərbaycan Turizm İnstitutunun ikinci məzun buraxılışına həsr olunmuş mərasim keçirildi
   
   İyulun 14-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Turizm İnstitutunun (ATİ) ikinci məzun buraxılışına həsr olunmuş təntənəli mərasim keçirildi. Tədbirin iştirakçıları arasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, müxtəlif dövlət qurumlarının təmsilçiləri, millət vəkilləri, ali məktəblərin rektorları, xarici ölkələrin Bakıdakı diplomatik korpusunun nümayəndələri, elm və mədəniyyət xadimləri, həmçinin ATİ-nin tərəfdaşı olan Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin rektoru Eva Verner vardı.
   
   Qonaqları salamlayan ATİ-nin rektoru Cəfər Cəfərov çıxışında təhsil ocağının fəaliyyətinə qısa ekskurs etdi. Bildirdi ki, 5 il əvvəl 200 tələbə, 1 fakültə, 2 kafedra, 3 ixtisasla tədris prosesinə başlayan ATİ hazırda 7 kafedra, 11 ixtisas, 1300-dən artıq tələbə ilə kadr hazırlığını həyata keçirir. 2010-2011-ci tədris ilindən isə ATİ-də magistratura pilləsi fəaliyyətə başlayıb, burada 3 ixtisas üzrə 19 tələbə təhsil alır. Bu il instituta bakalavr üzrə 320, magistraturaya 37, doktoranturaya isə 16 nəfərin qəbulu nəzərdə tutulur.
   C.Cəfərovun sözlərinə görə, tədris proqramlarına uyğun olaraq tələbələr müxtəlif turizm obyektlərində tanışlıq və istehsalat təcrübəsi keçirlər: «Ölkəmizdə ilk dəfə ATİ tələbələri üçün nəzərdə tutulan 22 həftəlik istehsalat təcrübəsi semestrinin tətbiqi sayəsində tələbələrimiz təkcə Azərbaycanda deyil, Türkiyə, Şimali Kipr, Yunanıstan, Malta, Ukrayna, Rusiya və İsrailin turizm müəssisələrində təcrübə keçirlər. Eyni zamanda tələbələrin praktiki biliklərinin artırılması məqsədilə yay tanışlıq təcrübəsi də təşkil edilir. Hazırda ATİ-nin 200-dən çox tələbəsi ölkədə və xaricdə praktikadadır. İnstitutun məzunları hazırda Bakının “Park İNN”, “Hyatt Regency”, “Kempinski” kimi böyük hotellərində çalışır. Bu günlərdə “Hilton-Bakı” ATİ-də öz təqdimatını etdi və ümidvaram ki, bu hoteldə çalışanların sırasında da institutumuzun yetirmələrini görə biləcəyik”.
   Rektor institutun beynəlxalq təhsil sisteminə inteqrasiyasından da danışdı. Qeyd olundu ki, dünyanın turizm təmayüllü elmi müəssisələri ilə ikitərəfli əməkdaşlıq müqavilələrinin imzalanması və bunun əsasında tələbə və təcrübə mübadilələrinin həyata keçirilməsi, beynəlxalq layihə və proqramlarda iştirak, eləcə də nüfuzlu təşkilatlara üzvlük bu prosesin başlıca istiqamətləridir: “Bu fəaliyyətin nəticəsidir ki, bu il ATİ Dünya Turizm Təşkilatına üzv qəbul olunub. Bu ATİ-nin kollektivini daha səmərəli fəaliyyət göstərməyə səfərbər edir. Uğurlar bizimlədir, görüləsi işlər günü-gündən çoxalır. Qarşıda duran ən əsas vəzifəmiz ATİ-ni yüksək keyfiyyətli təhsil verən ali məktəblər sırasına daxil etməkdir. Əldə etdiyimiz bütün bu nailiyyətlər ölkə rəhbərliyinin, Mədəniyyət və Turizm Nazirliyinin institutumuza diqqət və qayğısı, kollektivimizin birgə və məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olub”.
   Rektor çıxışının sonunda üzünü məzunlara tutub dedi: «Əziz məzunlarımız, bu gün burada məzun gecəsi keçirməyimizin səbəbi sizlərsiniz. Biz sizləri sabaha hazırlayırıq. Sizlərə ölkəmizin gələcəyi üçün əlindən gələni əsirgəməyən, müasir, bilikli mütəxəssis, insanlığa faydalı insanlar olmağı arzu edirəm. Elm insanın xəyal etdiklərindən sürətlə irəliləyir. Gəlin, biliklərimizi birləşdirib daha gözəl nailiyyətlər əldə edək».
   Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ATİ-nin növbəti məzun buraxılışının respublikamızın turizm sənayesi üçün əlamətdar hadisə olduğunu diqqətə çatdırdı: “Artıq ikinci ildir ki, institutun yetirmələri ali təhsili başa vuraraq ölkəmizin turizm sektoruna qədəm qoyurlar. Turizm İnstitutunun tədris səviyyəsi getdikcə yüksəlir. İnstitutumuzun bəzi tələbələri ingilis dilində diplom alırlar. Eyni zamanda Azərbaycanda ilk dəfə olaraq ikili diplom sistemi məhz Turizm İnstitutunda həyata keçirilir”.
   Nazir qeyd etdi ki, Turizm İnstitutunun məzunlarının təyinatı azaddır: “Bu məzunların böyük əksəriyyəti öz işlərini tapıblar. Hətta deyərdim ki, onları işə cəlb etmək üstündə ciddi rəqabət gedir. Turizm İnstitutunun nəzdində yaradılacaq peşə məktəbində də onların potensialından istifadə etməyi nəzərdə tuturuq”.
   Mərasimdə iştirak edən Avstriyanın Krems Universitetinin rektoru xanım Eva Verner də məzunları təbrik etdi və onlara gələcək iş həyatında uğurlar arzuladı.
   Sonra 193 məzuna ATİ-nin diplomları, onlardan 19 nəfərinə isə eyni zamanda Avstriyanın Krems Universitetinin diplomları təqdim edildi.
   Tədbir milli rəqs nümunələri, muğam ifaları və digər musiqi nömrələrindən ibarət konsert proqramı ilə başa çatdı.
   
   F.Abdullayeva