Xəbər verdiyimiz kimi, ötən həftə Azərbaycan Turizm İnstitutunun ikinci məzun buraxılışı oldu. Təhsili uğurla başa vuran 192 tələbə diplom aldı, onlardan 19 nəfəri isə həm ATİ-nin, həm də Krems Tətbiqi Elmlər Universitetinin (Avstriya) diplomunu qazandı. Amma elə tələbələr də oldu ki, dörd il oxumaqlarına baxmayaraq, diplom ala bilmədilər. Bəs diplomsuz qalan məzunlara daha bir şans tanınırmı, onlar diplom almaq üçün nə etməlidirlər?
   Sualımızı cavablandıran Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov bildirdi ki, Bolonya təhsil prosesinin qaydalarına və Azərbaycan Təhsil Nazirliyinin 1997-ci ildə təsdiq etdiyi «Bakalavr səviyyəsində Dövlət Attestasiyasının keçirilməsi haqqında» əsasnaməyə görə, yekun dövlət attestasiyasından kəsilmiş tələbələrin növbəti beş il ərzində təkrar 2 dəfə dövlət attestasiyasına buraxılmaq hüququ var: «Bizim institutda həm Krems təhsili qrupunda, həm də milli proqramda kəsilən tələbələr var. Bu tələbələrə bütün qaydalar izah edilib və lazımi sənədlər təqdim edilib. Kəsilən tələbələr oktyabr ayından başlayaraq növbəti beş ildə istədikləri vaxt təkrar imtahan verə bilərlər. Əgər tələbə bu iki şansdan da istifadə edə bilməsə, onda biz ona natamam ali təhsil haqqında arayış verəcəyik».
   İndiyə qədər ATİ-nin praktikasında belə bir hal olmadığını deyən prorektor bildirdi ki, ötən il kəsiri qalan 34 tələbədən bu il təkrar imtahana girmək üçün 21 nəfər müraciət edib: «Onlardan 13-ü imtahanda iştirak etdi. Digər tələbələr əsgəri xidmətdə olduqları üçün imtahan verə bilmədilər. 13 nəfərdən 4-ü ikinci dəfə kəsildi. Amma bu 4 nəfərin hələ bir şansı qalıb”.
   Eldar Aslanov bir faktı da nəzərə çatdırdı ki, bəzən elə hallar da olur ki, magistraturaya daxil olan tələbələr dövlət imtahanından kəsilirlər. Belə vəziyyətin ATİ-də də baş verdiyini deyən prorektor qeyd etdi ki, bu halda həmin tələbələr magistraturada oxumaq imkanlarını itirirlər: «Mövcud qanunvericiliyə görə, bakalavr diplomunu almayan tələbələr magistraturada oxuya bilməzlər. Ona görə də həmin tələbələr təkrar dövlət imtahanı verib diplom aldıqdan sonra yenidən bir də magistraturaya imtahan verməli olacaqlar. Biz əslində bu qaydanın dəyişdirilməsi ilə bağlı təkliflərimizi vermişik. Təklif etmişik ki, dövlət imtahanını vermədən tələbələr magistraturaya imtahana buraxılmasın. Amma hələlik bu məsələ həllini tapmayıb”.

Fəxriyyə Abdullayeva