Göygöl rayonu turizmin inkişafı üçün geniş imkanlara malikdir. Sıx meşələri, buz bulaqları, zəngin florası uzun illərdir ki, turistləri cəlb edir. Turistlərin daha çox marağına səbəb olan faktorlardan biri də Göygöl rayonunun tarixin müxtəlif dövrlərinə aid abidələridir.
   Göygöl Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın bildirdiyinə görə, ərazidə olan tarixi abidələrlə bağlı faktlar tam dəqiqləşdirildikdən sonra onların turist marşrutları, xüsusi bukletlər hazırlanıb. Aşıqlı, Topalhəsənli, Yeni Zod və Üçbulaq kəndlərində yeni mərkəzlər yaradılıb.
   Bu tədbirlərin nəticəsidir ki, rayona dincəlməyə gələn turistlərin sayında artım müşahidə olunur. Şöbə müdirinin sözlərinə görə, keçən il Göygöl rayonuna gələn turistlərin sayı 20 min nəfər olub. Turizm ilində isə bu rəqəmin iki dəfə artacağı gözlənilir.

Fəxriyyə Abdullayeva