Ölkəmizdə bu istiqamətdə xidmətin yaradılması dövlət proqramında öz əksini tapıb
  
   Sosial turizm dedikdə ilk növbədə dövlətin ayırdığı vəsait hesabına gerçəkləşən istirahət imkanı başa düşülür. Buraya aztəminatlı ailələrin, uşaq və tələbələrin, sağlamlıq imkanları məhdud olanların, əlillərin və s. sosial təminat baxımdan həssas təbəqələrdən olan insanların büdcə vəsaiti, digər yardımlar sayəsində müvafiq turizm imkanlarından yararlana bilməsi daxildir.
  
   Qeyd edək ki, iqtisadiyyatın bütünlüklə dövlət tərəfindən tənzimləndiyi sovet dövründə bu sahədə yaxşı təcrübə mövcud olub, böyük maliyyə imkanlarına malik həmkarlar ittifaqlarının xətti ilə sosial turizm geniş yayılıb. İqtisadiyyatın, o cümlədən turizm sektorunun azad bazar rəqabəti normaları ilə tənzimləndiyi bir şəraitdə isə sosial turizmin geniş yayılması bir sıra şərtlərlə bağlıdır. Maraqlıdır, hazırda Azərbaycanda turizmin bu növünün inkişafı hansı səviyyədədir?
  
   Avropa ölkələrində sosial turizmin geniş infrastrukturu var
  
   Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanovun sözlərinə görə, ölkəmizdə turizmin bu sahəsinin inkişafı üçün imkanlar var. Xüsusilə sosial siyasətin ildən-ilə genişləndiyi şəraitdə sosial turizmin də genişlənməsinə böyük ehtiyac duyulur: “İndi ölkənin iqtisadi imkanları əsas verir ki, bəzi qrup insanların, xüsusilə əmək, müharibə qəhrəmanlarının, tanınmış ziyalıların, alimlərin, xüsusi diqqətə ehtiyac duyan digər vətəndaşlarımızın turizm mövsümündə dövlət hesabına istirahəti təşkil olunsun”.
   Həmsöhbətimiz bildirir ki, dünyanın inkişaf etmiş ölkələrində turizmin bu növü geniş yayılıb: “Xüsusilə sosial yönümü ilə seçilən Avropa ölkələrində geniş yayılmış sosial turizm infrastrukturu var. Bəzi ölkələr hökumətlərin maliyyə imkanlarına əsaslanmış sosial turizm xidmətləri təklif edirlər. Bəzilərində isə müəyyən yaş və sosial qrupdan olanlara səyahət etməkdə dəstək verilir. Yəni qanunlarla sosial kateqoriyaları müəyyən edilmiş şəxslərə bazar qiymətindən ucuz və ya təmənnasız olaraq ildə 1-2 dəfə belə səyahət etmək imkanı yaradılır”.
   E.Aslanovun fikrincə, Azərbaycanda sosial turizmin inkişafını sürətləndirmək üçün bir sıra tədbirlərin görülməsi vacibdir: «İlk növbədə sosial turizm haqqında qanunvericilik bazası yaradılmalıdır. Həmçinin hər bir dövlət orqanına müvafiq sahədə əməkdaşlarına sosial turizm səyahətləri etmələri üçün dəstək verməsi təşviq oluna bilər. Hökumət turizm bölgələrində sosial yönümlü istirahət mərkəzləri yarada bilər və s.”
  
   Həmkarlar ittifaqları işçilərə 85% güzəştlə istirahət imkanı yaradır
  
   Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Respublika Turizm və Ekskursiyalar Şurasının sədri Fikrət Nuriyev deyir ki, sovet vaxtı fabriklərdə, zavodlarda, müxtəlif dövlət müəssisələrində çalışan insanların güzəştli şərtlərlə istirahət etməsi bir növ şərt idi və bunu həmkarlar ittifaqları həyata keçirirdi: «Sovet dövründə həmkarlar təşkilatları demək olar ki, bütün müəssisələrdə var idi. Bu təşkilatlar işçilərin dincəlməsi üçün işi elə qururdu ki, arzu edən hər kəs bu imkandan yararlana bilirdi”.
   Sovet dövlətinin, mövcud iqtisadi münasibətlərin dağılması və onu müşayiət edən məlum hadisələr nəticəsində bu sistem də sıradan çıxdı. Azərbaycanın müstəqilliyinin ilk illərindəki iqtisadi çətinliklər tədricən aradan qaldırıldıqdan sonra ölkədə sosial-iqtisadi vəziyyətin sabitləşməsi, xarici iqtisadi əlaqələrin artması turizm sahəsində də öz müsbət nəticələrini verməyə başladı: “Büdcə təşkilatlarının işçiləri yenidən 1996-cı ildən başlayaraq üzv olduqları həmkarlar ittifaqlarından güzəştli şərtlərlə aldıqları yollayışlarla Nabrandakı "Xəzər" və "Dostluq" turist bazalarında ailəvi istirahət etmək imkanı əldə etdilər. Hazırda "Xəzər" turist bazasında istifadəyə yararsız olan kotteclər tam bərpa olunub və lazımi avadanlıqla təchiz olunub. Onu da qeyd edim ki, həmin illərdən başlayaraq, bu günədək şuranın nəzdində olan turist bazalarına yollayışlar AHİK-nın üzv təşkilatları olan respublika sahə həmkarlar ittifaqları komitələri tərəfindən işçilərə 85% güzəştli şərtlərlə paylanılır».
   F.Nuriyevin sözlərinə görə, turist bazalarında istirahət edənlərin sayı ildən-ilə artır. Son illərdə "Xəzər", "Dostluq" turist bazalarında və "Bakı-Tur" icarə müəssisəsində hər il yay mövsümündə 3000 nəfərdən çox həmkarlar üzvü ailəvi istirahət edir: «Burada əsasən 15-18 günlük yollayışlar üstünlük təşkil edir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, 2010-cu ildə 3312 nəfər turistə xidmət göstərilib».
  
   Sosial turizm layihələri hazırlanacaq
  
   Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin sözlərinə görə, ölkəmizdə ehtiyacı olan və maddi imkanı aşağı olan insanların istirahətinin təmin edilməsi üçün sosial turizm layihələri hazırlanacaq: «Həm Sosial Müdafiə Fondu, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu işdə bizimlə birgə fəaliyyət göstərir. Bu gün Azərbaycanın müxtəlif yerlərində çalışan və istirahət etmək imkanları məhdud olan insanların dincəlməsi üçün müəyyən yerlərdə istirahətin təşkilinə dair təkliflər hazırlanmalıdır. Bu da dövlətin sosial yönümlü siyasətinin məntiqi davamı kimi qəbul olunmalıdır».
   Qeyd edək ki, Azərbaycanda sosial turizm xidmətinin yaradılması məsələsi ötən il dövlət başçısı tərəfindən imzalanmış «2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair Dövlət Proqramı»nda da öz əksini tapıb. Sənəddə nəzərdə tutulan işlərin həyata keçirilməsi nəticəsində aztəminatlı ailələr, sağlamlıq imkanları məhdud olanlar, uşaq və tələbələr ölkənin turizm məkanlarında güzəştli şərtlərlə dincələ biləcəklər.

 Fəxriyyə Abdullayeva