“Gənc turist” klublarının maraqlı layihələri var
  
   2011-ci ilin Azərbaycanda “Turizm ili” elan olunması ilə bağlı ölkə prezidenti tərəfindən təsdiq edilən Tədbirlər Planında turizm nümayişi obyektlərinə tələbələrin və şagirdlərin ekskursiyalarının təşkilinə dair xüsusi proqramın işlənib hazırlanması, aztəminatlı ailələrin, dövlət himayəsində olan əlil və kimsəsiz uşaqların Azərbaycanın müxtəlif yerlərinə xüsusi səyahətlərinin təşkili ilə bağlı bəndlər də yer alıb.
   
   
   “Turizm ili” ilə əlaqədar olaraq Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində “Gənc turist” klubları yaradılıb. Bəs onların fəaliyyəti necə qurulub? Bu sualla Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə müraciət etdik.
  
   Bakının mədəniyyət müəssisələrində 76 “Gənc turist” klubu var
  
   İdarənin mədəni-kütləvi işlər, mədəniyyət evi, kitabxanalar və muzey işi sektorunun məsləhətçisi Tomris Hacıyeva bildirdi ki, bu gün şəbəkəyə daxil olan mədəniyyət müəssisələrində 76 “Gənc turist” klubu fəaliyyət göstərir. Onların üzvlərinin sayı 918 nəfərdir. Üzvlərdən 538 nəfəri 12-17 yaş qrupuna, 380 nəfəri isə 18-25 yaş qrupuna aiddir.
   T.Hacıyevanın sözlərinə görə, klubların yaradılmasında məqsəd turizm sahəsinin inkişafına dəstək vermək, gənclərin asudə vaxtlarının səmərəli təşkilini, maraqlarını təmin etməkdir: “Düşünürük ki, yeniyetmələr və gənclər də “Turizm ili”nə öz töhfələrini verməlidirlər. İnanırıq ki, “Gənc turist” klublarının fəaliyyəti həm də turizm sahəsinə meylli gənclərin savadlı kadr kimi yetişməsinə əməli köməklik göstərəcək”.
   Həmsöhbətim onu da vurğuladı ki, indiyədək ayrı-ayrı mədəniyyət müəssisələrində çalışan klub üzvləri müxtəlif tarixi abidələrə ekskursiyalar təşkil ediblər. Həmin tədbirlərdə klubların fəal üzvləri tərəfindən turistlərə konsert proqramı da təqdim olunub. Mədəni turizm tədbirləri isə ardıcıl olaraq ilboyu davam etdiriləcək.
  
   Layihələr rəngarəngliyi ilə seçilir
  
   “Gənc turist” klublarının müxtəlif layihələri var. Onların arasında oxşar layihələr olsa da, rəngarəngliyi ilə seçilənlər də az deyil. Bu il “Gənc turist” klubları tərəfindən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinə 53 layihə və təklif təqdim edilib. Məsələn, M.Maqomayev adına 26 saylı uşaq musiqi məktəbinin “Gənc turist” klubunun həyata keçirdiyi layihənin məqsədi gəncləri ölkəmizin turizm potensialı, bölgələrimizin mədəni və tarixi abidələri ilə yaxından tanış etmək, konsertlər təqdim etməklə bölgələrdə milli musiqimizi təbliğ etməkdir.
   M.A.Əliyev adına Mədəniyyət evinin “Gənc turist" klubunun təqdim etdiyi layihənin məqsədi isə Hövsan qəsəbəsində seçilmiş bir qrup insan vasitəsilə turizm və turizm növləri, xüsusiyyətləri barədə ictimai fikrin yaradılması və mədəni abidələrə, turizmə marağın artırılmasıdır. Layihə çərçivəsində ekskursiyalar nəzərdə tutulub.
  
   “İpək yolu” layihəsi Şəkinin tanıdılmasına xidmət edəcək
  
   Layihələr arasında Xətai rayon Mədəniyyət Mərkəzinin nəzdindəki “Fireland” gənc turist klubunun “İpək yolu” turizm layihəsi də maraq doğurur. Layihənin koordinatoru Fidan Rəhimovanın sözlərinə görə, məqsəd Azərbaycanın qədim Şəki şəhərinin tarixi abidələrini daha da tanıtmaqdır. “Layihə çərçivəsində biz Şəki Xan sarayında olacaq, Kiş çayının sahilində Qaratəpə dağının zirvəsində “Gələrsən-görərsən” qalası və digər tarixi abidələrlə tanış olacağıq. Klubun ən balaca üzvünün 12 yaşında olduğunu deyən F. Rəhimova layihə çərçivəsində Şəki mətbəxinin təbliğ olunacağını bildirdi. “Turizm ili” ilə bağlı Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya təşkil etdik. Çox maraqla qarşılandı. İnanırıq ki, “İpək yolu” turizm layihəmiz də maraqlı alınacaq”.
   Xəzər rayon Şüvəlan qəsəbə mədəniyyət evinin direktoru Flora Hüseynova da təqdim etdikləri layihənin maraqlı olduğu qənaətindədir. “Gənc turist” klubunun layihəsinin məqsədi isə il ərzində respublikamızın tarixi abidələrinə səyahət təşkil etmək, həmin səyahətə foto sənəti ilə məşğul olan gəncləri cəlb etməkdir: “Artıq layihəmizə başlamışıq. Layihədə Şəki, Qax, Qəbələ, Lahıc, İsmayıllı və digər rayonlara üçgünlük səfər turu nəzərdə tutulub. Klubun üzvləri tarixi abidələrin və son illərdə istifadəyə verilmiş istirahət mərkəzlərindən maraqlı fotolar çəkəcək. İlin sonunda həmin fotolardan ibarət şəhərimizin hər hansı bir qalereyasında sərgi təşkil etməyi, habelə Azərbaycan, rus və ingilis dillərində jurnalın nəşrini də planlaşdırmışıq”.
  
   Gənclər yeni turizm ideyaları ilə çıxış etməlidirlər
  
   “Gənc turist” klublarının başlıca məqsədlərindən biri də turizm sahəsinə marağı olan, karyerasını bu sahədə qurmağı düşünən gənclərə əsas bilgiləri aşılamaq, onların ixtisaslı kadr kimi yetişmələrinə kömək etməkdir. Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov Bakı şəhərinin mədəniyyət müəssisələrinin tərkibində gənc turist klublarının yaradılmasını yüksək qiymətləndirir: “Bizim institutun tələbələrinin də turist klubu var. Onların əsas fəaliyyəti bizim institutun tələbələrinin və digər ali məktəb tələbələrinin daha ucuz qiymətə ölkəmizin tarixi mədəni yerlərinə səfərlərini təşkil etməkdir. “Gənc turist” klublarının yaradılması müsbət haldır. Fikrimcə, bu klublar sosial şəbəkələrdə müəyyən təbliğat apara, orta və ali məktəblərin şagird və tələbələrini öz ətrafına toplayaraq müxtəlif təbiət abidələrinə, muzeylərə, tanınmış ədiblərin ev muzeylərinə turlarını təşkil edə bilərlər. Bununla da onlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, milli dəyərlərə bağlılıq ruhunda yetişməsinə köməklik göstərmiş olarlar”.
   Eldar Aslanov “Gənc turist” klublarının üzvləri tərəfindən turizm şirkətlərinə maraqlı gələ biləcək layihələrin də ola biləcəyi istisna etmir: “Məsələn, hansısa tarixi əhəmiyyəti olan sənaye obyektlərinə səfərlər, bu gün haqqında az danışılan neft turları təşkil oluna bilər. Bu baxımdan Nobellərin ev-muzeyinə ekskursiyalar maraqla qarşılanar. Gənclik çalışmalıdır ki, bu gün turizm şirkətlərinin təklif etmədiyi, onların diqqətindən yayınan turizm ideyalarını, məhsullarını ortaya çıxara bilsinlər. Gənclər Azərbaycan turizminə yeni məhsullar, yeni ideyalar verməlidirlər. Mən arzu edərdim ki, onlar gələcək fəaliyyətlərində bizim institutun müəllimləri ilə əlaqə qursunlar. Bizim müəllimlərdən biri o qruplara məsləhətçi kimi cəlb oluna, ideyalarının formalaşmasına köməklik göstərə bilərlər”.
  
   Ceyhun Zərbəliyev