Azərbaycan Respublikasında 2011-ci ilin «Turizm ili» elan edilməsi ilə bağlı Tədbirlər Planı icra olunmaqdadır. Plana əsasən, mədəni turizm tədbirləri çərçivəsində respublika kitabxanalarının, informasiya mərkəzlərinin, muzey və təhsil ocaqlarının internet informasiya vasitələrində ölkənin turizm potensialının təbliği ilə bağlı lazımi işlər görülməlidir.
   Artıq Milli Kitabxana bununla bağlı işlərə başlayıb. Kitabxanada Azərbaycan kitabxanaları üçün «Turizm ili» ilə bağlı metodiki vəsait hazırlanıb. Vəsait rayon kitabxanalarına göndərilib.
   Bundan əlavə, Milli Kitabxananın www.anl.az saytında Azərbaycanın turizmi ilə bağlı bölmə hazırlanır. Bölmədə turizm üçün əlverişli rayonlar, istirahət məkanları haqqında məlumatlar, hotellərin siyahısı təqdim olunacaq. Bununla yanaşı, sayt istifadəçiləri bölməyə daxil olmaqla Azərbaycanda turizmin inkişaf tarixini öyrənə biləcəklər. Saytın yeni bölməsi sentyabrda istifadəyə veriləcək.
   Milli Azərbaycan Tarixi Muzeyində də “Turizm ili” ilə bağlı müəyyən işlər görür. Muzey Azərbaycana gələn turistləri cəlb etmək üçün öz saytında lazımi informasiyaları yerləşdirib. Bu iş sentyabrdan daha intensiv davam etdiriləcək.
   Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin saytında da Azərbaycan turizminə xüsusi yer ayrılacaq. Muzeydən verilən məlumata görə, layihələr Azərbaycan Turizm Assosiasiyası ilə birlikdə həyata keçiriləcək.
   
   Gülər