Azərbaycan Turizm İnstitutunda ingilis və rus dili müəllimlərinin attestasiyası keçirilib. İnstitutdan bildiriblər ki, rektorun əmri ilə yaradılmış müvafiq attestasiya komissiyasının tərkibinə Bakı Dövlət və Bakı Slavyan universitetlərindən peşəkar müəllimlər daxil edilib.
   
   Komissiya üzvləri tərəfindən 30 ballıq şkala üzrə qiymətləndirilmiş turizmin linqvistik təminatı kafedrasının 18 müəllimindən 10-u yüksək nəticə göstərib.
   Komissiya ingilis dili fənninin müasir tələblər səviyyəsində tədrisini həyata keçirmək məqsədilə birinci kurs tələbələrinin “level” üzrə qruplaşmalarını da müəyyənləşdirib. İngilis dili müəllimlərinin peşə attestasiyası GRBS İELTS Mərkəzinin nümayəndələri ilə birlikdə test üsulu ilə, iki mərhələdə həyata keçirilib, 14 nəfər müsabiqə iştirakçısının hazırlığı qənaətbəxş olub. Attestasiya komissiyasının yekun nəticələri sentyabrın 13-də ATİ-nin böyük elmi şurasında müzakirə və təsdiq olunacaq.
   ATİ gələcəkdə digər ixtisas fənləri üzrə də attestasiya keçirməyi planlaşdırır.