Ermənistan isə yolların açılması ilə bağlı işlərə hələ başlamayıb

 

Dəmiryolunun Azərbaycan ərazisində artıq 60 kilometrlik hissəsin tikilib və gələn il tikinti tamamlanacaq. Avtomobil yolu ilə də bağlı Azərbaycan tərəfindən işlər qrafikə tam uyğun şəkildə aparılır. Əfsuslar olsun ki, Ermənistan tərəfindən bunlarla bağlı heç bir işə başlanılmayıb.

Prezident İlham Əliyev bu sözləri aprelin 26-da Rusiya Federasiyası Baş nazirinin müavini, Azərbaycan-Ermənistan üçtərəfli komissiyasının həmsədri Aleksey Overçuku qəbul edərkən deyib.

Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Ermənistan öz ərazisindən keçməsi nəzərdə tutulan avtomobil yolu marşrutunun coğrafi koordinatlarını belə qeyd etməyib. Azərbaycanın bu məsələni dəfələrlə qaldırmasına baxmayaraq, Ermənistan tərəfindən bununla bağlı heç bir cavab gəlməyib.

Prezident Aleksey Overçukun səfəri zamanı üçtərəfli komissiyanın fəaliyyətinin və ilk növbədə, nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələlərinin müzakirə ediləcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, bir gün öncə, aprelin 25-də Prezident İlham Əliyevin Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev ilə görüşündə iki ölkə arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və demarkasiyası, Azərbaycan tərəfinin təqdim etdiyi 5 prinsip əsasında sülh müqaviləsinin hazırlanması məsələləri müzakirə olunub.

Prezident sülh müqaviləsinin hazırlanması üzrə Azərbaycan nümayəndə heyətinin və sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibinin müəyyən edildiyini vurğulayaraq, ölkəmizin Ermənistanla danışıqlara hazır olduğunu qeyd edib.