Aprelin 27-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Avstriya bəstəkarı Yozef Haydnın (1732-1809) anadan olmasının 290 illiyində həsr olunmuş tədbir keçirilib.

Tədbirin təşkilatçısı və aparıcısı – məktəbin nəzəriyyə şöbəsinin müəllimi Fəriqə Məmmədzadə XVIII əsrin ikinci yarısı – XIX əsrin birinci rübündə Avropa musiqisinin zirvəsində bərqərar olan Vyana klassik məktəbi, bu məktəbi təmsil edən Yozef Haydn, Volfqanq Amadey Motsart və Lüdviq van Bethoven kimi bəstəkarlar haqqında söz açıb. Bildirib ki, XVIII əsrin görkəmli Avstriya bəstəkarı Yozef Haydn musiqi tarixinə Vyana klassik simfoniyasının banisi kimi daxil olub.

Tədbirdə Yozef Haydnın həyat və yaradıcılıq yoluna nəzər salınıb, videoçarxlar, slaydlar təqdim edilib və məktəbin şagirdləri tərəfindən bəstəkarın əsərləri ifa olunub.

Sonda məktəbin direktoru, Əməkdar artist, dosent Əziz Qarayusifli çıxış edərək tədbirin iştirakçılara təşəkkürünü bildirib.