Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin X.Natəvan adına 4 nömrəli kitabxana filialında igid döyüşçü Vəfa Dəmirçioğlunun xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Filialın müdiri, şəhid Vüsal Babayevin həyat yoldaşı Aynur Babayeva şəhidlərin xatirəsini yad etməyin vacib olduğunu qeyd edib.

Kitabxanaçı Hilanə Babayeva tədbir iştirakçılarına qəhrəmanın ömür yolu haqqında qısa məlumat verib. Bildirib ki, Qazax rayonunun Daş Salahlı kəndində böyüyüb boya-başa çatan Vəfa Dəmirçi qızı Mansurova (Vəfa Dəmirçioğlu) tarixçi olmaq istəyirdi, lakin qanlı müharibə onun bu arzusunu yarıda qoydu. Dəhşətli Xocalı soyqırımından sonra o, universitetə yox, səngərə yollanıb. Vəfa 1993-cü ilin sonunadək Qazax rayonundakı N saylı hərbi hissədə hərbi qulluqda olub. Ordudan tərxis olunduqdan bir müddət sonra,  1997-ci il aprelin 25-də mərd qızın Vətən üçün döyünən ürəyi qəfil dayanıb.

Tədbirin sonunda Vəfa Dəmirçioğlunun bacısı, kitabxananın nəzdində fəaliyyət göstərən “Səməd Vurğun poeziya ocağı”nın rəhbəri Zərəngiz Mansurova iştirakçılara minnətdarlığını bildirərək, xatirələrini bölüşüb.