Aprelin 27-də dahi violonçel ifaçısı və dirijor Mstislav Rostropoviçin (1927-2007) vəfatının 15-ci ildönümü ilə bağlı L. və M.Rostropoviçlərin Ev-Muzeyində “Maestrosuz 15 il” adlı klassik musiqi axşamı keçirilib.

Tədbirdə muzeyin direktoru Günay Əliyeva, kinorejissor, Əməkdar incəsənət xadimi Ziya Şıxlinski, bəstəkar, Ü.Hacıbəylinin Ev-Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov çıxış ediblər.

Z.Şıxlinskinin M.Rostropoviçə həsr etdiyi “Doğma diyar” filminin yeni versiyası nümayiş olunub.

İçərişəhər Muzey Mərkəzinin baş mühafizi Fidan Seyidova mərkəzin direktoru Əminə Məlikovanın adından “XIX əsr fotoqrafiya ustaları Dmitri Yermakov Bakı haqqında” kitabını muzeyə təqdim edib.

Maestronun xatirəsinə həsr olunmuş klassik musiqi axşamında violonçel ifaçısı, Əməkdar artist Aleksey Miltıx, respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Şəms Ağazadə, Əziz Pənah, Kamran Talıblı, Murad Tağıyev və başqalarının ifasında müxtəlif əsərlər səsləndirilib.

Muzeyin əməkdaşı – bəstəkar, Prezident təqaüdçüsü, Vətən müharibəsi qazisi Vüqar Məmmədzadənin M.Rostropoviçə həsr etdiyi “Trio” əsərinin təqdimatı xüsusilə alqışlarla qarşılanıb. 150 saylı orta məktəbin şagirdləri Sofiya Ələkbərova, Nura Qədimova maestroya həsr edilmiş şeirləri söyləyiblər.