Qırğızıstanda hər il aprelin 25-də qeyd olunan Ənənəvi Musiqi Günü 2023-cü ildə “Şuşa – Türk Dünyasının Mədəniyyət Paytaxtı” proqramına da daxil ediləcək.

Bu barədə Qırğızıstanın Bişkek şəhərində Ənənəvi Musiqi Həftəsi çərçivəsində keçirilən 9-cu Beynəlxalq Musiqi və Rəqs Konqresinin qala-konsertində çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev deyib.

20-25 aprel tarixlərində keçirilən 9-cu Beynəlxalq Musiqi və Rəqs Konqresi Türk dünyasının bir çox yerlərindən xalq musiqi ifaçılarını, alimləri bir araya gətirib. İştirakçılar həftə ərzində davam edən panel, seminar və ustad dərslərində öz təcrübələrini bölüşüblər.

Konqresin qala-konserti bu il 18-ci dəfə qeyd olunan 25 aprel – Ənənəvi Musiqi Günündə Qırğızıstan Milli Filarmoniyasında təşkil olunub.

Tədbirə Qırğızıstan Baş nazirinin müavini Edil Baysalov, mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Azamat Camankulov, digər rəsmilər, müxtəlif ölkələrdən nümayəndə heyətləri qatılıb. Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı da tədbirdə iştirak edib.

Türk dünyasının ənənəvi musiqisindən nümunələrin yer aldığı konsertdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Rusiya Federasiyasının Altay, Tuva və Xakasiya respublikalarından sənətçilər çıxış ediblər.

Qala-konsertdə çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev Qırğızıstan Mədəniyyət Nazirliyində çalışdığı dövrdə başladığı ənənəvi musiqi sahəsində araşdırmaların bu gün əldə edilən səviyyəsindən qürur duyduğunu bildirib. Baş katib bu il Qırğızıstanda artıq 18 ildir qeyd olunan Ənənəvi Musiqi Gününün qarşıdakı illərdə bütün Türk dünyasını əhatə edəcəyini bildirib: “Ənənəvi Musiqi Günü 2023-cü ildə  “Şuşa – Türk Dünyasının Mədəniyyət Paytaxtı” proqramında Azərbaycanda qeyd ediləcək. Mədəniyyət xəzinəmizin ən mühüm sərvətlərindən biri olan ənənəvi musiqimizi bütün dünyaya tanıtmaq üçün səylərimizi davam etdiririk. Qarşıdakı dövrdə biz bu günü TÜRKSOY-a üzv olan müxtəlif ölkələrdə coşqu ilə qeyd edəcəyik...”.

Mehparə SULTANOVA
Ankara