Mayın 5-dən 8-dək Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gələcəklər.

Heydər Əliyev Fondundan verilən xəbərə görə, Şuşa Beynəlxalq Kulinariya Festivalında bu şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyi bir daha nümayiş etdiriləcək.

Festivalda Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İndoneziya, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış edəcəklər. Qonaqlar peşəkar aşpazların ustad dərslərində də iştirak edib yemək hazırlamağın incəliklərini öyrənə biləcəklər.

Kulinariya festivalında Azərbaycanın Abşeron-Xızı, Bakı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Lənkəran-Astara, Mərkəzi Aran, Naxçıvan, Qarabağ, Quba-Xaçmaz, Şəki-Zaqatala və digər iqtisadi rayonları da təmsil olunacaq. Festival günlərində 11 milli, 11 xarici pavilyon qurulacaq, qonaqlar Azərbaycanın bölgələrinin, eləcə də dünya mətbəxinin nümunələrinin dadına baxa biləcəklər.

Tədbirə Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, İsrail, Kanada, Koreya, Rusiya, Türkiyə və digər ölkələrdən qida sahəsi üzrə beynəlxalq ekspertlər, bloqerlər də qatılacaqlar.

Festival günlərində qonaqlara incəsənət ustalarının iştirakı ilə bədii proqram təqdim ediləcək. İstirahət və əyləncə zonasındakı pavilyonlarda tamaşalar, konsert və sərgilər təşkil olunacaq.

Azərbaycanın milli sənətkarlıq nümunələri də sərgilənəcək. 5 may – Xalçaçı Günündə “Azərxalça” ASC-nın yaradıcı heyəti xalçaçılıq ənənələrinə dair interaktiv təqdimatlar edəcək. Festivalda Bakı Kitab Mərkəzi tərəfindən Heydər Əliyev Fondunun kulinariyaya dair nəşrləri də təqdim olunacaq.

Festival çərçivəsində mayın 3-dən 9-dək Şuşada 30-dan çox Azərbaycan rəssam və heykəltəraşının iştirakı ilə “Şuşa. Bahar əfsanəsi” adlı plener keçiriləcək. Təbiət qoynunda yaradılacaq əsərlər vaxtı ilə işğal altında olmuş bir şəhərin hazırkı vəziyyətini, füsunkar təbiətini canlandıracaq.

Şuşa Beynəlxalq Kulinariya Festivalı işğaldan azad olunan şəhər və rayonlarımızın dirçəldilməsi, otuz ildən sonra bu torpaqlara yenə ruzi və bərəkətin, əmin-amanlığın qayıtmasının rəmzi ifadəsi olacaq.