Bərdə RMİ Tərtər rayon Uşaq musiqi məktəbi rayon Mədəniyyət Mərkəzində görkəmli bəstəkar Fikrət Əmirovun (1922-1984) 100 illiyi ilə bağlı tədbir keçirib. Tədbirdə məktəbin xalq çalğı alətləri orkestri, “Qarabağ bülbülləri” xor kollektivi, müəllim və məzunların ifasında bəstəkarın əsərləri səsləndirilib. Tədbir zamanı Fikrət Əmirovun öz çıxışlarından hazırlanmış videoçarx nümayiş etdirilib.

***

Şəmkir RMİ Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasının (30 aprel 1999-cu il)23-cü ildönümü münasibətilə Vətən müharibəsi şəhidləri – XTQ-nin döyüşçüləri gizir Şəhriyar Abdullayev və əsgər Muraz Cabbarovun anım tədbiri keçirilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov və rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova çıxış ediblər. Sonra XTQ-nin inkişaf tarixindən və taktiki xüsusi təlimlərindən, o cümlədən daşkəsənli şəhidlərin həyat və döyüş yolundan bəhs edən videoçarxlara baxış keçirilib. Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında şeirlər səsləndirilib.

***

Sumqayıt RMİ, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə şəhər MKS-də Xurşidbanu Natəvanın (1832-1897) 190 illiyinə həsr edilmiş məktəblilər arasında bədii qiraət müsabiqəsi keçirilib. Münsiflər heyətinin qərarına əsasən, Ayxan Soltanlı birinci, Mələk Namazova, Mələk Cəbrayılova ikinci, Sərmayə Mehrəliyeva, Nəzrin Nəbizadə və Həcər Həsənova isə üçüncü yerə layiq görülüblər. Qaliblər fəxri fərman və hədiyyələrlə təltif ediliblər.

Sumqayıt şəhər F.Əmirov adına 5 nömrəli Uşaq musiqi məktəbində görkəmli bəstəkar Səid Rüstəmovun (1907-1983) anadan olmasının 115 illiyinə həsr olunan konsert təşkil edilib. Konsertdə məktəbin müəllim və şagirdlərinin ifasında bəstəkarın “Sumqayıt”, “Getmə”, “Qızıl payız”, “Sürəyya”, “Şeir deyilmi”, “Bahar olsun” və başqa əsərləri səsləndirilib.

Sumqayıt RMİ-nin Qubadlı rayon nümayəndəliyində Beynəlxalq Rəqs Günü (29 aprel) ilə əlaqədar “Rəqsin sehrli dünyası” adlı konsert təqdim olunub. Milli və xarici rəqslərdən ibarət konsert proqramı maraqla qarşılanıb.

***

Ağdaş RMİ Zərdab rayon MKS-də aprelin 29-da Bakıda keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransa həsr olunan “Dünyanı heyran qoyan Prezident” başlığı altında məlumat saatı keçirilib.

Hazırladı: N.Məmmədli