Azərbaycanda turizm şirkətləri ilə turistlər arasında hər iki tərəfin vəzifə və məsuliyyətini müəyyənləşdirən müvafiq müqavilələrin bağlanması qanunla tənzimlənəcək. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumata görə, fəaliyyətin belə formada təşkili ekskursiya rəhbərləri, xidmətləri, turizm bələdçiləri və təlimatçılarına da aid ediləcək. Bu məsələ "Turizm haqqında" qanun layihəsində öz əksini tapıb.
   Bununla yanaşı, layihəyə turistlərə tibbi xidmətin göstərilməsi ilə bağlı yenilik də daxil edilib. Yeni layihə xarici turistlərin Azərbaycanda, Azərbaycan turistlərinin isə xarici ölkələrdə tibbi sığortadan istifadə imkanlarını artıracaq.
   Qeyd edək ki, "Turizm haqqında" yeni qanun layihəsi artıq müvafiq dövlət orqanları ilə razılaşdırılıb. Sənəd layihəsi üzərində aparılan işlər yekunlaşmaq üzrədir. 7 fəsil, 29 maddədən ibarət olan layihə yaxın zamanda Milli Məclisə təqdim ediləcək.

   Fəxriyyə Abdullayeva