Fransanın «Le Point» jurnalında Azərbaycanın paytaxtı haqqında yazı dərc olunub
   
   Fransanın ən nüfuzlu nəşrlərindən olan "Le Point" (Nəzər nöqtəsi) jurnalının 6 oktyabr 2011-ci il tarixli sayında dünyanın yeni dəbdə olan şəhərlərinə həsr edilmiş xüsusi reportajlar silsiləsindən "Bakı - Qara qızıl ölkəsinin bəyaz gecəli şəhəri" adlı yazı dərc edilib.
   
   Məqalədə ölkəmizin iqtisadi nailiyyətlərindən, 1994-cü ildə dünyanın böyük neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra bu sahənin inkişafından bəhs olunur, 18 oktyabrda müstəqilliyinin bərpa edilməsinin 20 illiyini qeyd edəcək Azərbaycanın regionun ən zəngin ölkələrindən birinə çevrildiyi bildirilir.
   Yazıda respublikamızda qeyri-neft sektorunun, o cümlədən turizm sahəsinin də sürətlə inkişaf etdiyi vurğulanır, təkcə bu il ərzində Bakıda 5 beşulduzlu dünya brendli mehmanxananın açılması, burada bir sıra dünya şöhrətli mağazalar şəbəkəsinin, müasir restoranların fəaliyyət göstərdiyi qeyd olunur. Qeyd edilir ki, 2012-ci ilin mayında «Eurovision-2012» mahnı müsabiqəsinin keçiriləcəyi Bakıda, demək olar ki, gecə-gündüz tikinti-quruculuq işləri aparılır. Müəllif Azərbaycanın qədim Odlar Yurdu olmasını simvollaşdıran “Alov Qüllələri” mehmanxana və biznes kompleksinin tikintisindən də söz açır. Məqalədə Bakıdakı dəbdəbəli istirahət və əyləncə mərkəzlərindən də bəhs edilir və fransız yazıçısı Aleksandr Dümanın “Qafqaza səyahət” kitabında Azərbaycan mətbəxi haqqında yazdıqlarını görmək üçün oxucularına Bakının restoranlarına baş çəkmək və İçərişəhərə səyahət etmək məsləhət görülür. Ümumiyyətlə, məqalədə Azərbaycan və onun paytaxtı olan Bakı şəhəri haqqında geniş məlumat verilir, yeni dəbdə olan şəhərlər sırasında Bakı “Avropanın Dubayı” adlandırılır.
   «Le Point» jurnalının bu sayında dünyanın yeni dəbdə olan şəhərləri sırasında Bakı ilə yanaşı, Braziliyanın paytaxtı Braziliya şəhəri, Mərakeşin paytaxtı Rabat, Niderlandın Rotterdam, ABŞ-ın Portlend, Kambocanın paytaxtı Pnompen şəhərindən də söz açılıb. Şərqi Avropa regionundan isə yalnız Bakı bu siyahıda yer alıb.

   Fəxriyyə Abdullayeva