Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı iyunun 1-dən 5-dək Gürcüstanın Tbilisi şəhərində keçirilən I Beynəlxalq Uşaq və Gənclər Teatrları Festivalında iştirak edib.

Gürcüstan İncəsənət və Tədqiqatlar İnstitutu və Gənclər Milli Mərkəzinin birgə təşkilatçılığı, Tbilisi Meriyası və UNESCO-nun Təhsil Şəbəkəsinin dəstəyi ilə reallaşan festivalda keçmiş Sovet ittifaqı ölkələri, eləcə də İran və İsveçrə təmsil olunub.

Azərbaycan kuklaçıları festivalda teatrın repertuarındakı milli koloritli səhnə işlərindən olan M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası əsasında hazırlanan tamaşanı təqdim ediblər.

2012-ci ildən teatrın repertuarına daxil edilən tamaşanın quruluşçu rejissoru Aleksandr Maksimıçev, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı İqor Roqalyo, quruluşçu baletmeysteri Zakir Ağayevdir. Səhnə əsərində rolları Elmira Hüseynova, Səriyyə Mansurova, Elnur Abbasquliyev, İqbal Əliyev və Cavid Telman ifa ediblər.

Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərlik etdiyi heyət festival proqramından kənar da çıxışlar edib. Kuklaçılar Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda teatrın repertuarındakı tamaşalardan parçalar nümayiş etdiriblər.

Festivalda, tamaşa nümayişləri ilə bərabər, müasir uşaq və kukla teatrlarının problemləri, uşaqların təhsil və tərbiyəsində teatrın rolu və s. mövzularda panel müzakirələri də təşkil edilib.

“Avrasiya mədəniyyət qovşağı – İpək Yolları” təşəbbüslərinin inkişafı çərçivəsində keçirilən tədbirdə Beynəlxalq Teatr İnstitutu və Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası (ASSİTEJ) da təmsil olunub.

Festivalda hər hansı nominasiya üzrə mükafatlar nəzərdə tutulmasa da, azərbaycanlı kuklaçılar beynəlxalq tədbirdə fəal iştiraka, eləcə də milli kukla teatrı ənənələrinin yaşadılması və inkişafında xidmətlərə görə Beynəlxalq Teatr İnstitutu və festivalın təşkilat komitəsinin diplomları ilə təltif olunublar.