Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən 18 may – 18 iyun tarixlərində ölkəmizdə “İnsan hüquqları aylığı” elan olunub.

Qeyd edək ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci ilin 18 iyun tarixində təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bunu nəzərə alaraq Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd edilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, İmişli Rayon Gənclər və İdman İdarəsi və Kürdəmir Regional Mədəniyyət İdarəsinin (RMİ) əhatə etdiyi İmişli rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan hüquqları: dini etiqad azadlığı” mövzusunda tədbir keçirilib.

İyunun 2-də gerçəkləşən tədbirdə bildirilib ki, “İnsan hüquqları aylığı” çərçivəsində təşkil olunan tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğində, eləcə də əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində və onların problemlərinin həllində önəmli rol oynayır. Həmçinin insan hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən müstəqil Azərbaycanın ilk Konstitusiyasının ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduğu, Azərbaycanda mövcud olan dinlərarası, məzhəblərarası sülh, əmin-amanlıq və qarşılıqlı hörmət çərçivəsində birgəyaşayış modelinin bütün dünyaya nümunə olduğu vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.