Oktyabrın 12-də Turizm İnstitutunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı elmi-praktik konfrans və sərgi keçirilib. Tədbiri ATİ-nin Turizm işinin təşkili və idarəedilməsi fakültəsinin dekanı Nəsir Nəsirli açaraq ölkəmizin müstəqillik tarixindən danışıb, 1991-ci ilin 18 oktyabr gününün tariximizin qürurverici səhifələrindən biri olduğunu vurğulayıb. Tələbələrə müraciət edən dekan deyib: “Sizin vəzifəniz dövlətimizin möhkəmlənməsi naminə daha yaxşı oxumaq, təhsildə uğurlar qazanmaq, turizm sektorunun möhkəm təməl üzərində inkişafının təminatçısı olmaqdır. Zamanın sizlərdən tələbi budur - yüksək təhsil, bacarıq. Bu tələblərə təhsilinizlə cavab verə biləcəyinizə əminəm”.
   Tədbirdə İctimai fənlər kafedrasının müdiri, tarix elmləri namizədi İbrahim Əliyev, kafedra müdiri, tarix elmləri namizədi Bahadur Bilalov, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı, sənətşünaslıq üzrə elmlər namizədi Günay Qafarova dövlət müstəqilliyimizin 20 illiyi ilə bağlı çıxış ediblər.