«Baku Restaurants Guide» jurnalı 2011-ci ilin dekabrından yeni formatda və rəngarəng mövzularla oxucularının görüşünə gələcək. Bu barədə Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasından (DAİR) qəzetimizə daxil olan məlumata görə, 1996-cı ildən şəhərimizin restoranları, kafeləri, barları və digər xidmətləri barədə geniş kütlələrə məlumat verən «Baku Restaurants Guide» jurnalı aviaşirkətlərdə, hotellərdə, restoranlarda, ticarət mərkəzlərində və s. ictimai məkanlarda pulsuz olaraq paylanır. Jurnal artıq 15 ildir ki, xarici turistlər üçün Bakı şəhəri üzrə bələdçi olaraq onlara bu və ya digər istirahət yerini seçməkdə köməklik göstərir. Jurnalda şəhərin müxtəlif restoran, kafe, barlarının menyuları açıqlanır. Bu da hər hansı obyektin seçilməsində əlavə rahatlıqdır.
   2011-ci ilin dekabrında nəşr olunan növbəti buraxılış isə bir qədər təkmilləşərək «Baku Hotels and Restaurants Guide» adlanacaq və Bakı şəhərinin restoranları ilə yanaşı, hotelləri və onların restoranları barədə məlumatları əks etdirəcək. Bunlarla yanaşı, jurnal turistlər üçün zəruri olan digər məlumatları da açıqlayaraq şəhərimizin qonaqlarına daha da maraqlı və faydalı olacaq.
   
   Fəxriyyə