Azərbaycanın dilbər guşələrindən olan Masallı həm də bağ-bağatı, mer-meyvəsi, tərəvəzi ilə tanınan bölgələrdəndir. Bir yanı mavi Xəzərə, bir tərəfi əzəmətli dağlara söykənən dilbər bölgədə indi meyvə yığımının qızğın dövrüdür.
   
   Sakinlər tarla-dirrik tədbirlərindən vaxt ayırıb şənlənməyə, kütləvi bayramları qeyd etməyə də macal tapır. Masallı şəhərindəki Bayraq meydanında keçirilən möhtəşəm şənlik də belə tədbirlərdən biri idi.
   Masallı Rayon İcra Hakimiyyətinin və Mədəniyyət və Turizm Şöbəsinin birgə hazırladığı mərasim bölgənin istirahət-əyləncə obyektlərinin, zəngin mətbəx və məişət əşyalarının, xalçaçılıq, dulusçuluq, tikmə-döymə, sandıqçılıq, həsirçilik peşəsinin, milli kulinariyamızın təqdimatı ilə başlandı. Sonra tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev iştirakçıları dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü günü münasibətilə təbrik etdi.
   Yerli turizm obyektlərinin, xidmət və istirahət-əyləncə guşələrinin əhatəli fotostendlərdə əks olunması tamaşaçılarda dərin maraq oyatdı. Fərəhlə qeyd edildi ki, rayonda fəaliyyət göstərən turizm obyektlərində hər il minlərlə ölkə sakini və xarici vətəndaş istirahət edir. Səfalı İstisu bulaqlarının əhatəsində, çaylar, meşələr və dağlar qoynunda salınmış istirahət guşələri qış-yay turizminin inkişafına böyük təsir göstərir.
   Tədbirdə Masallı aşpazları da öz məharətini göstərdilər, qonaqlara bölgənin ləziz və təamlı xörəklərini təqdim etdilər. Səyyar süfrələrdə quş, balıq, cücə ləvəngisindən tutmuş növbənöv qəlyanaltı, səhər yeməkləri və çərəzlərdən də dadmaq mümkün idi.
   İncəsənət ustalarının, “Halay” folklor qrupunun çıxışları isə tədbirə əlavə rəng qatdı.
   
   Əyyar Tahirov,
   Masallı