Fransa jurnalı Azərbaycanın turizm imkanlarından yazıb
   
   Fransada nəşr olunan "Səyahətlər aləmində" jurnalında Azərbaycanın turizm imkanlarından bəhs edən "Qafqaz sıra dağları ilə Xəzər dənizi arasında" adlı məqalə dərc olunub. Yazının əvvəlində ölkəmizin coğrafi özəlliklərindən bəhs olunur, Xəzər dənizinin əslində heç bir dəniz və okeana çıxışı olmayan dünyanın ən böyük gölü olduğu barədə məlumat verilir. 

   Məqalə müəllifi, turizm sahəsində ixtisaslaşmış jurnalist Patrik Geofroia Avropa ilə Asiya arasında yerləşən Azərbaycanın iki qitəni birləşdirən bir körpü rolu oynadığına, 2011-ci ilin ölkəmizdə «Turizm ili» elan olunduğuna diqqət çəkir. Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətlərinə görə dünyanın ilk istehlakçı ölkələrindən olduğunu qeyd edən jurnalist dünyəvi xalq olduğumuzu da xüsusi vurğulayıb.
   Yazıda Şərq özəllikləri ilə yanaşı, Qərb atmosferini də özündə cəmləşdirən Bakıda çoxlu sayda fransız butiklərinə rast gəlindiyi, İçərişəhər kompleksinin UNESCO-nun mədəni irs siyahısına daxil edildiyi, XIX və XX əsrlərə məxsus arxitektura nümunələrinin göz oxşadığı qeyd olunur, paytaxtımızda gedən nəhəng quruculuq işlərindən söz açılır.
   Məqalədə ölkədə əsrlərin mədəniyyət müxtəlifliyinin nümunəsi kimi Qobustan misal gətirilir, bu bölgədə vulkanların izinə rast gəlindiyi bildirilir. Bakıya və onun ətrafına səyahət etdikdən sonra turistlərin Böyük Qafqaz sıra dağlarına və dağlıq ərazidə yerləşən gözəl mənzərəli Lahıc kəndinə getmək istəyində olacaqlarına diqqətə çəkən müəllif yazır: «İpək kəlağayının vətəni hesab edilən bu bölgədən sonra Şəki Azərbaycanın ən gözəl və tarixi abidələrlə zəngin, turistik baxımdan maraqlı bir regionudur. Burada XVIII əsrə aid Xan sarayı əsrarəngiz memarlıq incisidir.
   Rayonun Kiş kəndindəki Alban kilsəsi ən qədim dövrə - eramızın birinci əsrinə aid abidədir».
   Patrik Geofroia Azərbaycanın "Evrovizion-2011"-dən sonra daha çox məşhurlaşdığını və bütün dünyada tanındığını bildirir, 2012-ci ildə bu mahnı müsabiqəsinin ölkəmizdə keçirilməsinin əhəmiyyətindən, Azərbaycan turizminin prioritetlərindən söhbət açır, ölkədə brend markalı hotellərin fəaliyyət göstərdiyini qeyd edir.
   Qeyd edək ki, jurnalda məqalə ilə bərabər Bakının görməli yerlərinin, İçərişəhərin, Kiş kəndindəki Alban kilsəsinin, milli ornamentlərlə bəzədilmiş qədim toxuculuq nümunələrinin fotoları verilib.

   Fəxriyyə Abdullayeva