Xəbər verdiyimiz kimi, MDB məkanı üzrə 19-cu “Kitab sənəti” müsabiqəsində Azərbaycan kitabları bır sıra nominasiyalar üzrə mükafatlara layiq görülüb.

MDB-nin Dövri mətbuat, kitab nəşri, yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şurasının təsis etdiyi müsabiqə bu il 24-26 iyun tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə keçirilib. Müsabiqəyə 7 ölkədən müxtəlif nominasiyalar üzrə 67 adda kitab təqdim olunub.

Müsabiqədə Azərbaycan Mili İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyevin tərtib etdiyi “Vərqa və Gülşa” kitab-albomu “İllüstrasiya sənəti” nominasiyasında qalib olub.

Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən hazırlanmış nəfis tərtibatlı nəşr ilk dəfə 2021-ci ilin oktyabrında Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təqdim edilmişdi. Kitab-albom Orta əsrlər Azərbaycan miniatür məktəbinin nümayəndəsi Əbdülmömin Məhəmməd əl-Xoyinin “Vərqa və Gülşa” Şərq əfsanəsinin motivləri əsasında çəkdiyi miniatürlərin tam şəkildə yer aldığı fundamental nəşrdir. Rəssamın “Vərqa və Gülşa” əsərinə çəkdiyi 71 miniatür İstanbulun Topqapı Sarayı Muzeyində qorunur. Bu miniatürlərin ilk dəfə toplu şəkildə nəşr edildiyi kitab mədəniyyətimiz üçün töhfədir.

“Vərqa və Gülşa” illüstrasiyaları Şərq miniatürləri arasında günümüzədək qədər gəlib çatmış ən qədim nümunələrdir. XIII əsr manuskriptinə yeni “poliqrafik qiraət” bəxş edən “Vərqa və Gülşa” kitab-albomu o dövrün təsvir ənənəsinin, onun xüsusiyyətlərinin, spesifika və bədii üstünlüklərinin dolğun və əhatəli mənzərəsini təqdim edir. Rəqəmsal imkanlar sayəsində ilk dəfə olaraq Azərbaycan miniatürünün şah əsərləri orijinal manuskriptə mümkün qədər autentik təqdim olunub və bu təsvirlərin yüksək estetik keyfiyyətləri haqqında tam təsəvvür yaradır.

Onu da qeyd edək ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə nəşr olunan “Vərqa və Gülşa” kitab-albomu dünyanın aparıcı muzey və kitabxanalarının fondlarına, o cümlədən ABŞ-ın Konqres Kitabxanasına hədiyyə edilib.