Azərbaycan Respublikasının qanunları ilə və müvafiq dövlət qurumu tərəfindən müəyyən edilən hallar istisna olmaqla, qalan hallarda “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə yol veriləcək.

Bununla bağlı müvafiq müddəa “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu 2021-ci il 31 may tarixində qəbul olunub.

Sözügedən qanunda dəyişiklik edilməsi barədə Milli Məclisin 13 may 2022-ci il tarixində qəbul etdiyi qanun isə dövlət başçısı tərəfindən imzalanaraq 1 iyul 2022-ci il tarixindən qüvvəyə minib.

Qanuna edilən 3-1-ci maddəyə (Şuşa şəhərinin adından istifadə edilməsi) əsasən, Azərbaycan Respublikasının qanunları ilə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallar istisna olmaqla, aşağıdakı hallarda “Şuşa” sözündən (“Şuşa” sözü olan söz birləşməsindən) istifadəyə yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə yol verilir:

hüquqi şəxslərin, o cümlədən media subyektlərinin adlarında;

mükafatların və təltiflərin adlarında;

yerli, ölkə və ya beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən idman və digər yarışların, konsertlərin, festivalların, sərgilərin, konfransların, seminarların adlarında;

kommersiya və reklam məqsədilə;

əmtəə nişanlarında və coğrafi göstəricilərdə.

Bununla yanaşı, yuxarıda nəzərdə tutulan hallarla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu öz adından və rəsmi “Şuşa” adından istifadə etməkdə müstəsna hüquqa malikdir.

***

Bundan əlavə, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanunun icrası ilə bağlı digər mövcud qanunvericilik aktlarına da zəruri dəyişikliklər edilib. Bununla bağlı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Milli Məclis tərəfindən 13 may 2022-ci il tarixində qəbul etdiyi qanun da dövlət başçısı tərəfindən imzalanaraq 1 iyul 2022-ci il tarixindən qüvvəyə minib.

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda (1998-ci il) 13-cü maddəyə edilən əlavəyə görə, Şuşa şəhərinin ərazisində inşaat, bərpa, təmir, təmizlik, yaşıllaşdırma, abadlaşdırma, təsərrüfat və ya hər hansı başqa işlər aparılarkən aşkar edilən abidələrin qorunması, habelə tarixi və arxeoloji əhəmiyyət kəsb edən ərazilərdə tikinti, bərpa, təmir və təsərrüfat işlərinin aparılması “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

Həmin qanunun 19-cu maddəsinə edilən əlavəyə əsasən, Şuşa şəhərinin ərazisində yerləşən abidələrin və ya onların hissələrinin icarəyə (istifadəyə) verilməsi, habelə abidələrin konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Həmçinin qanunun 20-ci maddənin aşağıdakı məzmunda cümlə əlavə edilib:

“Şuşa şəhərinin ərazisində abidələrin öyrənilməsi və arxeoloji qazıntıların aparılması “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə həyata keçirilir və belə razılıq verilərkən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır”.