“SW Travel” şirkəti “Azərbaycan Hava Yolları” (AZAL) ilə birgə Aberdin, Qlazqo (Şotlandiya) və Stavangerdən (Norveç) olan turoperatorlar üçün infotur təşkil edib.
   Şirkətdən verilən məlumata görə, Azərbaycanın turizm həyatında ilk dəfə baş tutan bu turda Şotlandiya və Norveçin ən böyük turizm agentlikləri rəhbərləri və menecerlərindən ibarət 7 nəfərlik heyət üç gün ərzində Bakı və Abşeronun turizm əhəmiyyətli yerlərində olublar.
   Aberdin nümayəndə heyətinin üzvü Keyt Doftin (“Marine@Corporate Travel” şirkəti) infotour.az saytına açıqlamasında bildirib ki, ölkəmizə səyahət zamanı çox təəccüblənib: “Əvvəllər Azərbaycan dedikdə, təsəvvürümdə yalnız neft canlanırdı. Bakıda olduğum günlərdə şahidi oldum ki, bura tarixi yerlərlə zəngin, gözəl infrastrukturu olan, Şərqlə Qərbin unikal vəhdətini təşkil edən bir diyardır. Qobustan qayalarındakı rəsmlər, Yanardağ, Atəşgah, İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası və bir çox başqa tikililər məni bir anlıq uzaq keçmişə apardı”.
   Keyt Dofti Azərbaycan mətbəxinə heyranlığından da danışıb: “Bakıdakı restoranlarda bir çox ölkələrin mətbəxi ilə tanış olduq. Azərbaycan plovuna məftun oldum. Hətta onun hazırlanma reseptini aşpazların birindən xahiş etdim. Vətənə qayıdandan sonra mütləq bu reseptin əsasında plovu özüm hazırlayacağam”.
   “QA Travel Group”u təmsil edən Endryu Youmans isə Azərbaycanda yay turizmi üçün münbit şəraitin olduğunu vurğulayıb: “Əminəm ki, Xəzər sahilindəki istirahət zonaları, həmçinin müasir hotellər turistlərin sevimli məkanına çevriləcək”.
   İnfotour.az saytının direktoru, turizm üzrə ekspert Kamran Qədirovun fikrincə, bu infotur Azərbaycan və Şotlandiya turizm əlaqələrinin möhkəmlənməsinə töhfə olacaq: “Azərbaycan bir çox ölkələr üçün açılmamış bir xəzinədir. Belə tədbirlərin təşkili ölkəmizin dünyaya tanıdılmasında mühüm rol oynayır. AZAL-ın Aberdinə birbaşa reyslər həyata keçirməsini də nəzərə alsaq, bu infoturun sayəsində Şotlandiyadan Azərbaycana olan turist axınının artacağını düşünürəm”.
   K.Qədirovun fikirlərini Norveçdən olan turizm üzrə məsləhətçi Anniken Martines tamamlayıb: “Bakının turistləri qəbul etmək baxımdan hazırlığını Avropanın ən görkəmli şəhərləri, məsələn, Paris və ya Roma ilə eyni səviyyəyə qoymaq olar. Bu gün turistlər yeni marşrutlar axtarışındadırlar. Düşünürəm ki, yaxın gələcəkdə sadaladığım şəhərlərə alternativ olaraq, Bakını da təqdim edəcək və paytaxtınıza yeni turist axınının təşkilinə dəstək ola biləcəyik”.
   
Fəxriyyə Abdullayeva