Vyanada “Azərbaycan: Nar məkanı” adlı təntənəli bayram tədbiri keçirilib
   
   Noyabrın 16-da Avstriyanın paytaxtı Vyananın mərkəzində yerləşən Mixaelerplatz meydanında “Azərbaycan: Nar məkanı” (“Aserbaidschan: Terra granata”) adlı bayram tədbiri keçirildi. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi və 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan edilməsi ilə əlaqədar gerçəkləşən tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Avstriyadakı səfirliyi və Vyana şəhər meriyası tərəfindən təşkil olunmuşdu.
   
   Tədbirin açılışında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva qonaqları - Vyananın rəsmi dairələrinin nümayəndələrini, şəhər sakinlərini və turistləri salamladı. Narın gənclik, gözəllik, sağlamlıq və müdriklik rəmzi kimi dəyərləndirildiyini diqqətə çatdıran nazir müavini bu meyvənin Azərbaycanın simvollarından biri olduğunu bildirdi.
   Sevda Məmmədəliyeva qeyd etdi ki, dünyada mövcud olan 60-dan artıq nar növünün hamısı bərəkətli Azərbaycan torpağında bitir. Nar mövzusu eyni zamanda qədim zamanlardan Azərbaycan xalqının bədii təfəkkürünə hoparaq, onun mədəniyyətində - folklor-söz sənətində, tətbiqi sənətdə, rəssamlıqda, poeziyada öz əksini tapıb. Azərbaycan xalçalarında, orta əsrlərə aid miniatürlərdə, metal və ağac məmulatlarında nar motivlərinə tez-tez rast gəlmək mümkündür. Şəninə mahnılar və şeirlər qoşulan, əfsanələr söylənən, adına “cənnət meyvəsi” deyilən nar ta qədim zamanlardan Azərbaycana xas olan ən dadlı nemətlərdən biri olaraq, həm də bədii obraza çevrilmişdir.
   Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra hər il ölkənin müxtəlif regionlarında məhsul yığımı ilə əlaqədar nar bayramı keçirilir. İndiyədək ölkənin regionlarında keçirilən bu bayram artıq ölkə hüdudlarını aşaraq ilk dəfə dünyanın ən böyük mədəniyyət mərkəzlərindən biri olan Vyana şəhərində qeyd olunur. Azərbaycanı yaxından tanımağa dərin maraq göstərən avstriyalı dostlarımızla nar bayramının xoş ovqatını bölüşmək, dost ölkədə Azərbaycan mədəniyyətini daha da yaxından tanıtmaq üçün çox gözəl fürsətdir.
   Azərbaycan və Avstriya arasında mədəni əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdıran Sevda Məmmədəliyeva bildirdi ki, 2006-cı ildə Vyanada dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsi ucaldılıb, bu yaxınlarda isə Bakıda Azərbaycanın və Avstriya prezidentləri İlham Əliyev və Haynts Fişerin iştirakı ilə Avstriyanın məşhur bəstəkarı Volfqanq Amadey Motsartın abidəsinin açılışı olub. Belə tədbirlər xalqlarımız və ölkələrimizin daha da yaxınlaşmasına xidmət edən mədəni hadisələrdir ki, “Nar bayramı” da buna mükəmməl bir nümunədir.
   Nazir müavini “əlahəzrət nar”ın pişvazına çıxanlara” təşəkkürünü bildirərək tədbir iştirakçılarını möcüzəli nemətin Azərbaycandan gətirilmiş nar şirəsi və Azərbaycan mətbəxinin nar istifadə olunmaqla hazırlanan təamlarından dadmağa dəvət etdi.
   Sonra Vyana şəhər meriyasının xarici əlaqələr şöbəsinin rəhbəri Andreas Launer və Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxış etdilər. Belə tədbirlərin hər iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə, mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verəcəyi vurğulandı.
   Bayramın bədii hissəsində Azərbaycan Dövlət Pantomima Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadənin hazırladığı “Məlikəhmədin nağılı” tamaşası nümayiş etdirildi. Tamaşada padşah (Elman Rəfiyev) müdriklik rəmzi olan narı qorumağı övladlarına həvalə edir, onun kiçik oğlu Məlikəhməd (Elnur İsmayılov) isə divlə (Bəhruz Vaqifoğlu) gərgin mübarizədən sonra qələbə qazanaraq, nar ağacını, bununla da atasının səltənətində hökm sürən müdrikliyi xilas edir.
   “Emil Əfrasiyab və dostları” qrupunun (əməkdar artistlər Teyyub Aslanov, Ruslan Hüseynov, Tofiq Cabbarov, artistlər Samir Şirinov, İskəndər Ələskərov) musiqi nömrələri bayram tədbirinə rəng qatdı, Vyananın soyuq qışına isti bir Azərbaycan rayihəsi gətirdi, milli ritmlərimizin sədaları bütün şəhəri sardı və hamıya gözəl əhval-ruhiyyə bəxş etdi. Əməkdar artist Ənvər Sadıqovun qarmonda, Hüseyn Hüseynovun zurna və klarnetdə misilsiz ifası tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı. Bakı Xoreoqrafiya Məktəbinin şagirdləri “Sarı gəlin”, “Naz eləmə”, “Qaytağı”, “Yallı”, “Uzundərə” rəqslərini məharətlə ifa etdilər. Lökbatan 9 saylı musiqi məktəbinin şagirdlərinin nağara və zərb alətlərində ifa etdiyi Azərbaycan ritmləri də tədbir iştirakçılarını valeh etdi. Azərbaycan milli musiqisindən təsirlənən şəhər sakinləri və bu meydana toplaşan həmvətənlərimiz, hətta şəhərin rəsmi təmsilçiləri belə musiqi sədaları altında Azərbaycan rəqqasları ilə birlikdə qol götürüb meydan boyu yallı getdilər.
   Tədbirdə nar mövzusuna həsr olunmuş Azərbaycanın xalq və dekorativ tətbiqi sənət nümunələrindən ibarət sərgi nümayiş olundu. Bu məqsədlə quraşdırılmış çadırlarda “Azərxalça” Elmi-Yaradıcılıq İstehsalat Birliyinin məhsulu olan xalçalar sərgiləndi, misgərlik və dulusçuluq məmulatları, şəbəkə sənəti nümunələri təqdim edildi. Misgər Nəzər Əliyev, dulusçu Xalid Şabanov, şəbəkə ustası Hüseyn Hacımustafazadə kimi sənətkarlarımız elə sərgidəcə öz məharətlərini tamaşaçılara nümayiş etdirdilər.
   Qeyd edək ki, Vyanada nar bayramı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Avstriyanın Təhsil, İncəsənət və Mədəniyyət üzrə Federal Nazirliyi arasında mədəniyyət və incəsənət üzrə 2009-2012-ci illərdə əməkdaşlıq haqqında Anlaşma Memorandumuna müvafiq olaraq keçirildi. Tədbir iki ölkə arasında mədəniyyət mübadiləsinə daha bir töhfə oldu.
   Eyni zamanda bu tədbirin keçirilməsi nar bayramının Azərbaycan xalqının qeyri-maddi mədəni irsi kimi UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilməsi istiqamətində aparılan işin tərkib hissəsi hesab oluna bilər.
   Bayram tədbirini Avstriya hökumətinin, Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ATƏT-in təmsilçiləri, Qazaxıstanın turizm nazirinin müavini, Avstriya-Azərbaycan Ticarət Palatasının əməkdaşları, Vyana ictimaiyyətinin nümayəndələri, ziyalılar, həmvətənlərimiz, turistlər heyranlıqla seyr etdilər.
   Tədbirə gələnlər “AZ-Granata” şirkətinin istehsalı olan nar məhsulları, “Gilan holdinq”in “Jalə” şirələri, şərablar, nardan hazırlanmış Azərbaycan mətbəxinin nümunələri, “Azərsun” şirkətinin çay məmulatlarına qonaq edildilər. Tədbir iştirakçılarına Basqal İpək Mərkəzinin emalatxanalarında toxunan və üzərində nar motivləri həkk edilmiş ipək kəlağayı-şərflər, poliqrafiya çap məhsulları, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin hədiyyə paketləri təqdim olundu. Qonaqlar Azərbaycan mətbəxinin ləziz nemətlərindən daddılar. Bütün proqram boyu meydanda quraşdırılmış ekranlarda Azərbaycana həsr olunmuş videoçarxlar və narı ifadə edən görüntülər nümayiş olunurdu. Üç hissədən ibarət bədii proqramın rejissoru Əməkdar incəsənət xadimi Gülçöhrə Şəfiyeva, rəssamı və dizayneri Çingiz Babayevdir, rəqslərin quruluşu Xalq artisti Yusif Qasımovundur.
   
   Zöhrə Əliyeva,
   Vyana