Dekabrın 9-10-da Bakıda “Sərhədyanı turizmin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanovun verdiyi məlumata görə, “Turizm ili” çərçivəsində keçirilən tədbirdə Rusiya, Gürcüstan, Qazaxıstan, Türkmənistan, İran və Türkiyədən nümayəndələr iştirak edəcək. Beynəlxalq konfransa Azərbaycanla yanaşı, qeyd olunan ölkələrin dövlət orqanları, turizm assosiasiyaları və turizm sahəsində təhsil verən universitetlərin nümayəndələri dəvət olunub.
   Konfransda sərhədyanı turizmin imkanlarına dair fikir mübadiləsi aparılacaq, birgə əməkdaşlıqla bağlı yeni layihələr diqqətə alınacaq. Konfransda Araz çayı boyunca İranla sərhəddə yerləşən eyniadlı şəhərlərə - Culfa, Biləsuvar, Astaraya qarşılıqlı turist səfərlərinin təşkil olunması məqsədilə “Ortaq şəhərlər” layihəsi, Nabranda istirahət edən turistlərin Dərbənd qalasına səfərlərinin təşkilini nəzərdə tutan “Dərbənd layihəsi” nəzərdən keçiriləcək, sərhədyanı ölkələrin turizm sahəsində birgə əməkdaşlıq imkanları araşdırılacaq.
   
   Ceyhun