CNN telekanalında ölkəmizin tarix və mədəniyyəti, turizm potensialı, iqtisadi inkişafı barədə silsilə verilişlər yayımlanır
   
   Son illərdə Azərbaycanda gedən sürətli inkişaf prosesinə dünyada da böyük maraq var. Ölkəmizin nailiyyətləri məşhur telekanalların da diqqət mərkəzindədir. Amerikanın dünyaca məşhur CNN telekanalının Azərbaycan haqqında hazırladığı “Eye on Azerbaijan” (“Azərbaycana nəzər”) adlı beşgünlük proqramının yayımına başlaması da bu məramdan qaynaqlanır.
   
   Telekanalın tanınmış jurnalisti Cim Klensinin təqdimatı ilə noyabrın 14-də Bakıdan birbaşa canlı yayımlanan “Odlar yurdunda küləklər şəhəri” adlı ilk verilişdə bu il müstəqilliyinin 20 illiyini qeyd edən Azərbaycanın tarixindən, zəngin neft-qaz sənayesindən, ölkənin dinamik inkişafından, idman və digər sahələrdə əldə olunan möhtəşəm uğurlardan bəhs edilmişdir.
   Azərbaycanın qədim tarixə və füsunkar təbiətə malik bir respublika olduğunu deyən jurnalist ölkəmizin qədim dövrlərdən bu günədək “Odlar yurdu” kimi tanındığını vurğulamışdır. O qeyd etmişdir ki, Abşeronda qədim zamanlardan əbədi yanan od olmuşdur və indi də vardır. “Yanardağ”da torpaqdan şölələnən alov insanları bu gün də heyrətləndirir. Bakıda isə “Atəşgah” adlı qədim məbəd indi də paytaxta gələn qonaqların və jurnalistlərin ən çox ziyarət etdikləri yerlərdəndir.
   Azərbaycanın zəngin təbii sərvətlərindən bəhs edən jurnalist neft-qaz gəlirlərinin, ilk növbədə, ölkənin ən mühüm infrastruktur layihələrinə, sosial sahəyə istiqamətləndirildiyini qeyd etmişdir. Yeni parklar salınır, yollar genişləndirilir, “Ağ şəhər” layihəsi həyata keçirilir və s.
   Jurnalist Bakını qlobal şəhər adlandıraraq Azərbaycan xalqının mədəni irsinin nadir incilərindən olan İçərişəhərdən də söhbət açmış, xalçaçılıq sənətinin ölkəmizdə geniş vüsət aldığını bildirmişdir. O, həmçinin Bakıda yeni inşa edilən müasir hotellərdən söhbət açmış və ölkədə İKT sektorunun sürətlə inkişaf etdiyinə də toxunmuşdur. Daha sonra Cim Klensi 1990-cı illərin əvvəllərində Azərbaycanla bağlı hazırladığı süjeti təqdim edərək o vaxtdan bu günədək ölkəmizin inanılmaz dərəcədə dəyişdiyini və inkişaf etdiyini vurğulamışdır.
   * * *
   “Azərbaycana nəzər” proqramının ikinci verilişində “Bakı Ağ şəhər” layihəsindən, “Qara şəhər”in Bakının müasir mərkəzlərindən birinə çevrilməsindən, Xəzər dənizi və onun zəngin nemətlərindən bəhs edilmişdir. Jurnalist C.Klensi Bakının beş min il yaşı olduğunu və Azərbaycanın elm, mədəniyyət və sənaye mərkəzi kimi fəaliyyət göstərdiyini qeyd etmişdir. O, bildirmişdir ki, 2009-cu ildə Bakı gecə həyatının gözəlliyinə görə dünyanın 10 ən yaxşı şəhərindən biri seçilmişdir.
   C.Klensi qeyd etmişdir ki, dünyanın qədim neft sənaye mərkəzlərindən biri olan Bakıda “Ağ şəhər” layihəsi həyata keçirilir. Məhz bu layihənin reallaşdırılması nəticəsində “Qara şəhər”in əvvəlki siması keçmişdə qalacaq və paytaxtın bu hissəsi öz təkrarolunmaz cizgiləri ilə regionda aparıcı mövqe tutan Bakı şəhərinin yeni müasir mərkəzinə çevriləcəkdir. “Bakı Ağ şəhər” dünyada, ekoloji baxımdan ən iri müasir layihələrdən biri olacaq və 221 hektarlıq ərazini əhatə edəcəkdir.
   Jurnalist bildirmişdir ki, hazırda köhnəlmiş sənaye obyektlərinin paytaxtın hüdudlarından kənara çıxarılması, sahilyanı bulvarın abadlaşdırılması üzrə tədbirlər həyata keçirilir. “Bakı Ağ şəhər” layihəsi çərçivəsində Bakı bulvarı dünyada ən uzun bulvara çevriləcəkdir. Burada müxtəlif istirahət-əyləncə mərkəzləri, paytaxtın ən iri ticarət mərkəzi “Baku City Mall” yerləşəcəkdir.
   Azərbaycan haqqında hazırlanmış proqramlar noyabrın 18-dək hər gün Bakı vaxtı ilə saat 20.00-da yayımlanacaq. Gün ərzində CNN kanalında Azərbaycanla bağlı reklam çarxları da nümayiş olunur.