Bələdçi kurslarının ilk dinləyicilərinə vəsiqələr verildi  

   Əbülfəs Qarayev: «Azərbaycanda bir il müddətində bütün bələdçilər sertifikat almalıdır»
 
  
   Noyabrın 22-də Azərbaycan Turizm İnstitutunda bu ali təhsil ocağının Təlim Mərkəzi tərəfindən təşkil edilmiş bələdçi kurslarının ilk dinləyicilərinə sertifikatların və vəsiqələrin təqdimetmə mərasimi keçirildi. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, nazirliyin məsul işçiləri iştirak edirdilər.
   
   Mərasimi giriş sözü ilə ATİ-nin rektoru Cəfər Cəfərov açaraq bildirdi ki, institutun Təlim Mərkəzi ölkənin turizm sənayesi üçün müxtəlif peşələr üzrə qısamüddətli təlimlərin keçirilməsi məqsədilə yaradılıb. Hazırda “Turizm bələdçisi”, "Qeydiyyat və ön büro (Front Office)”, “Turoperator və turagent” kursları davam edir, “Restoran və bar xidmətləri”, “Otaq və koridor (House Keeping)”, “Aşpazlıq”, “Animatorluq” və “Hotellərdə idarəçilik” kursları üzrə isə dinləyici yığımı aparılır.
   Rektor qeyd etdi ki, bələdçilik kursunun ilk qrupunu 14 nəfər bitirib: «Kursda iştirak etmək üçün ali təhsilli olmaq və ən azı bir xarici dil bilmək şərtdir. Kurslar 120 saat nəzəri, 7 gün praktika hissəsindən ibarətdir. Nəzəri hissədə ümumi turizm bilikləri, bələdçi peşə bilikləri, Azərbaycanın tarixi, turizm coğrafiyası, mədəniyyəti, ədəbiyyatı və incəsənəti, iqtisadiyyatı, ilk tibbi yardım, turizm qanunvericiliyi və s. mövzularda dərslər keçirilir. Dərsləri ATİ-nin müəllimləri ilə yanaşı, turizm sənayesi nümayəndələri də aparıb».
   Kursun dinləyiciləri Mədəniyyət və Turizm Nazirliyi yanında yaradılmış Bələdçilərin Attestasiya Komissiyasının nəzarəti ilə şifahi və ekskursiya olmaqla 3 mərhələdə imtahan veriblər: «Kursları bitirənlər sertifikat alırlar və attestasiyadan keçmək üçün ərizə ilə birlikdə müvafiq sənədlərini təqdim edirlər. Komissiyadan keçənlərə 5 il müddətində bələdçi kartı və şəhadətnaməsi verilir. Biz nazirliyə məktubla müraciət etmişik ki, mövcud bələdçilər də qısamüddətli kurslara cəlb olunmaqla attestasiyadan keçirilib, sənədlərlə təmin edilsinlər».
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, bələdçilik peşəsi hazırda Azərbaycanın turizm sənayesində ən çox ehtiyac duyulan iş istiqamətidir. Aparılan araşdırmalardan gəlinən nəticəyə görə, ölkəmizdə bir il müddətində bütün bələdçilər sertifikat almalıdır.
   Nazirin sözlərinə görə, bu günlərdə dövlət başçısı İlham Əliyevin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşü zamanı müzakirə olunan mövzulardan biri də turist xidmətlərinin səviyyəsinin artırılması və bu sahədə kadr hazırlığı ilə bağlı oldu: «Əgər ölkə prezidenti Dünya Turizm Təşkilatının rəhbərliyi ilə söhbətində diqqəti turizmlə bağlı kadr hazırlığı məsələsinə yönəldirsə, deməli, bu, dövlətin prioritet istiqamətlərindən biridir. Biz də bu işə yaxşı başlamışıq. Turizm İnstitutu Dünya Turizm Təşkilatının assosiativ üzvlüyünə qəbul olunub və bu qurumun bütün proqramlarında fəal iştirak edir. DTT-nin baş katibi Taleb Rifai institutun fəxri doktoru adına layiq görüldü. Bütün bunlar Turizm İnstitutu ilə DTT arasında əməkdaşlığın genişləndirilməsinə çox ciddi bir zəmindir”.
   Azərbaycana gələn turistlərin sayının ildən-ilə artığını deyən nazir bildirdi ki, ölkəmizin turizm potensialının təbliği üçün məqsədyönlü işlər görülür. Bu günlərdə «CNN İnternational» kanalında yayımlanan «Azərbaycana baxış» silsilə verilişləri ölkəmizə marağın artmasına daha bir töhfə olub: “Biz ölkəmizə gələn qonaqların qarşısına peşəkar, məlumatı düzgün, aydın çatdırmağı bacaran insanlar çıxarmalıyıq. Ona görə də mən bələdçi kursunun ilk buraxılışını yüksək qiymətləndirirəm. Bütün turizm şirkətlərinə tövsiyə edirəm ki, yalnız sertifikatlı bələdçilərlə işləsinlər».
   Sonra Əbülfəs Qarayev bələdçi kursunun ilk 14 nəfər dinləyicisinə sertifikatları və vəsiqələri təqdim etdi.
   
   Fəxriyyə Abdullayeva