Ustad jurnalist Tahir Abbaslının məqalələrindən ibarət kitab işıq üzü görüb

 

Uzun illər “Mədəniyyət” qəzetində çalışmış ustad jurnalist və yazıçı, mahir publisist Tahir Abbaslının (Tahir Əhmədalılar; 1948-2021) məqalələrindən ibarət “Publisistik taktlar” kitabı çapdan çıxıb.

Kitabda müəllifin “Mədəniyyət” qəzetində 2011-2021-ci illərdə dərc olunmuş Azərbaycan söz-sənət irsi ünvanlı, böyük sevgi və yüksək publisistik dillə qələmə alınmış yazılarından 55 nümunə toplanıb. Nəşrdə yazılar beş bölmədə təqdim edilir.

“Musiqidə obrazlaşanlar” bölümündə Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, T.Quliyev, Niyazi, C.Qaryağdıoğlu, M.Babayev və Azərbaycanın musiqi mədəniyyətinə adını əbədi həkk etdirmiş başqa sənətkarlar haqqında yazılar verilib.

İ.Nəsimi, M.Füzuli, M.Ş.Vazeh, M.F.Axundzadə, M.Ə.Sabir, M.Şəhriyar, B.Vahabzadə, M.Araz və digər söz-fikir sarbanlarımız barədə yazılar “Söz ömrü qazananlar” bölümündə toplanıb.

Azərbaycan teatr və kinosunun görkəmli simalarından A.Gəraybəyli, Ə.Ağayev, İ.Osmanlı, N.Zeynalova, L.Abdullayev və digərləri barədə yazılar “Səhnə və ekran fədakarları” bölümündə yer alıb.

M.Abdullayev, S.Bəhlulzadə, T.Salahov, T.Nərimanbəyov kimi Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrinin yaradıcılığı Tahir Abbaslının qələmində bir ayrı rəngdə, özgə bir cazibədədir. Korifey rəssamlar haqqında publisistik taktlar “Rənglərin dünyasından” başlığı altında oxucuların ixtiyarına verilir.

“Tarixi yaddaş” müəllifin üçrəngli bayrağımıza, qan yaddaşımızın Qara Yanvar, ağrısı dinməyən Xocalı səhifəsinə, bilgi xəzinəsi kitaba və əbədi, azalmaz sevinc qaynağımız Novruza həsr olunan yazılarından ibarətdir.

Tahir Abbaslının ustad publisist, mütəfəkkir yazar olduğunu onu tanıyanlar, yazılarını oxuyanlar yaxşı bilirlər. Bilməyənlər isə onun vəfatının ildönümündə ərsəyə gələn “Publisistik taktlar” kitabından biləcəklər.

Kitab “Mədəniyyət” qəzetinin layihəsi olaraq “Mütərcim” nəşriyyatında işıq üzü görüb. Nəşrin tərtibçisi Fariz Yunisli, redaktoru Vüqar Əliyev, dizayneri Cavid Sərxanbəyli, korrektoru Səbinə Əlibalaqızıdır.