Gənclər turizm sahəsində biznes-planların hazırlanma qaydalarını öyrəniblər
   
   Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Turizmin inkişafı sahəsində gənclərin rolunun artırılması» layihəsini həyata keçirilir. «Azad gənclər» İctimai Birliyinin həyata keçirdiyi layihə gənclərin biznes biliklərinin artırılması və sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi məqsədi daşıyır. Layihə çərçivəsində gənclər üçün «Turizm sahəsində biznes-planların hazırlanması» mövzusunda təlim kursları keçirilib. Kursların iştirakçıları turizm sahəsində biznes-plan hazırlamağı, sahibkarlıq fəaliyyətinə başlamağı öyrəniblər. Təlim kursları «IB Training Alliance» təlim-məşq mərkəzinin mütəxəssisləri tərəfindən aparılıb. Ekspert qismində isə Bakı Turizm İnformasiya Mərkəzinin əməkdaşları çıxış ediblər.
   Ümumilikdə 50 nəfər layihə iştirakçısı təlim-məşqlər zamanı «Turizm və onun növləri», «Azərbaycanda turizm üçün potensiallar», «İdarəçilik sisteminin əsasları», «Turizm sahəsi vasitəsi ilə gəlirlərin və məşğulluğun formalaşması» və s. sualların cavabını əldə ediblər. Azərbaycanda 2011-ci ildə qeyd olunan «Turizm ili»nə həsr olunan layihənin yekununda iştirakçılar sertifikatlarla təltif edilib.

Fəxriyyə Abdullayeva