Türk İşbirliyi və İnkişaf Agentliyi (TİKA) 2001-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərən hotellərin əməkdaşları üçün müxtəlif istiqamətlərdə təlim-tədris kursları keçir. 
   TİKA-nın Azərbaycandakı nümayəndəsinin müavini Hacı Bayram Bolat qəzetimizə açıqlamasında bildirdi ki, turizm sahəsinin inkişafı və xidmət səviyyəsində mövcud problemlərin aradan qaldırılması məqsədilə həyata keçirilən kurslar Türkiyə və Azərbaycanın mədəniyyət və turizm nazirlikləri ilə birgə keçirilir: «Ötən 10 ildə Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Xaçmaz, İsmayıllı, Lənkəran və Bakıda turizmin müxtəlif istiqamətləri üzrə çalışan insanlara təlim kursları keçmişik. Bu müddət ərzində 2800-dək turizm işçisinə təlim vermişik. Bunların 370 nəfəri builki kursların dinləyiciləridir. Bu ilin Azərbaycanda «Turizm ili» elan edilməsi, gələn il Bakıda keçiriləcək «Eurovision» musiqi yarışması bu sahənin inkişafına əlavə təkan verib. Məqsədimiz Türkiyənin turizm təcrübəsini Azərbaycanda tətbiq etməkdir».
   TİKA nümayəndəsi bildirdi ki, təmsil etdiyi qurum bu tipli layihələri Türkiyədə və digər ölkələrdə də həyata keçirir. Türkiyədə təşkil edilən kurslara Azərbaycandan da hotel əməkdaşları cəlb edilir.

   Fəxriyyə Abdullayeva