Bir ildə layihə vasitəsilə 2500-dək əcnəbi turistə xidmət göstərilib
      
   Noyabrın 25-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Bakı Turizm İnformasiya Mərkəzi və “Millennium Tourism & Congress”in birgə həyata keçirdiyi “Baku City Tour” (“Bakı Şəhər Turu”) layihəsinin bir ili qeyd edildi.
   
    Bu münasibətlə kütləvi informasiya vasitələrinin, şəhərimizdə qonaq olan xarici turistlərin iştirakı ilə Azadlıq meydanı-R.Behbudov-A.Bakıxanov-İnşaatçılar küçələri-Şəhidlər xiyabanı-Funikulyor-Azneft meydanı-İçərişəhər-Qız qalası-Opera və Balet Teatrı marşrutu üzrə şəhər gəzintisi təşkil olundu. Tur iştirakçılarını bu günlərdə Turizm İnstitutunun Təlim Mərkəzinin kurslarını başa vurmuş bələdçilər müşayiət edirdi.
   Qeyd edək ki, ölkəmizin turizm potensialının, paytaxt Bakının mədəni irsinin daha geniş təbliğ olunması, eyni zamanda gənc tur-bələdçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə ötən ilin noyabrından reallaşdırılan “Bakı Şəhər Turu” layihəsi dünya təcrübəsinə əsaslanır. Bu təcrübə bir sıra xarici şəhərlərdə (Paris, Dubay və s.) uğurla tətbiq edilir.
   “Millennium Tourism & Congress”in rəhbəri Ruslan Quliyevin sözlərinə görə, ölkəmizin paytaxtında keçirilən beynəlxalq səviyyəli tədbirlər zamanı şəhərimizə təşrif buyuran xarici qonaqlar, turist kimi gəzməyə gələn insanlar, Bakıda fəaliyyət göstərən mehmanxanaların əməkdaşları bu turun xidmətindən istifadə edir: “İndiyədək 200-ə yaxın tur həyata keçirilib. Layihənin bir əhəmiyyətli cəhəti də odur ki, bu turlara Turizm İnstitutunun, yeni açılan hotellərin əməkdaşları da vaxtaşırı olaraq cəlb edilir. Bakıda 2012-ci ildə keçiriləcək «Eurovision» yarışmasına qədər işimizi daha da təkmilləşdirmək niyyətindəyik».
   Bakı Turizm İnformasiya Mərkəzinin direktor müavini Bəxtiyar Qılıncov bildirdi ki, “Bakı Şəhər Turu”nda ekskursiya rus, ingilis, alman və s. dillərdə aparılır: «Layihə turizm şirkətləri, mehmanxanalar və ölkəmizə gələn əcnəbi turistlər arasında böyük maraq doğurub. Bir il ərzində 2500-dək əcnəbi turistə xidmət göstərilib. Turlar zamanı Bakının mədəni irsi və turizm potensialı təbliğ edilir. Məqsədimiz günü-gündən gözəlləşən şəhərimizi qonaqlara layiqincə tanıtmaqdır. Tur boyunca müxtəlif tarixi əhəmiyyətli yerlərdə avtobus saxlanılır və bələdçilər tərəfindən qonaqlara ətraflı məlumatlar verilir».
   B.Qılıncovun sözlərinə görə, əvvəlki turlara nisbətən, aparılan təbliğat nəticəsində layihəyə maraq da artıb: «Artıq xarici turistlər və yerli əhali bu turlardan istifadə etmək üçün Bakı Turizm İnformasiya Mərkəzinə və «Millennium» turizm şirkətinə tez-tez müraciət edirlər. Layihə mehmanxanalar arasında da geniş rəğbət qazanıb. Elə turizm şirkətləri və mehmanxanalar var ki, öz qonaqlarına mütəmadi olaraq bu turdan istifadə etmək imkanı yaradır. Ona görə də layihəni daha da genişləndirəcəyik”.
   Siti-turun aparıcısı, təcrübəli bələdçi Süleyman Süleymanov da layihə ilə bağlı fikirlərini qəzetimizlə bölüşdü: «Bu layihə Azərbaycanda ilk dəfə həyata keçirilir. Tur vasitəsilə şəhərimizə gələn qonaqları və arzu edənləri Bakının müxtəlif yerləri ilə tanış edirik. Hesab edirəm ki, bu layihənin çox böyük əhəmiyyəti var. Çünki bu turlar zamanı xarici turistlərə nəinki Bakı şəhəri, eyni zamanda Azərbaycanın tarixi, mədəniyyəti, turizm mərkəzləri haqqında da ətraflı məlumatlar veririk».

   Fəxriyyə Abdullayeva