Noyabrın 29-da mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Tofiq Abdullayevlə görüşüb. 
   Nazirliyin Turizm şöbəsindən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Səudiyyə Ərəbistanı arasında turizm sahəsində əməkdaşlığa dair bir sıra məsələlər müzakirə edilib.
   Səfir T.Abdullayev Səudiyyə Ərəbistanından çoxlu sayda insanın mütəmadi olaraq turist qismində xarici ölkələrə səfər etdiklərini nəzərə alaraq, həmin turistlərin bir qisminin Azərbaycana cəlb olunması fikrini irəli sürüb. Qeyd olunan təkliflə əlaqədar müvafiq məlumatlar Turizm şöbəsi tərəfindən səfirə təqdim olunub.
   Görüşdə həmçinin 2011-ci ilin aprel ayında İran körfəzi ölkələrinin kütləvi informasiya vasitələri üçün nazirlik tərəfindən təşkil olunmuş info-tanıtım turunun nəticələri ətrafında fikir mübadiləsi aparılıb. Səudiyyə Ərəbistanının turizm şirkətləri ilə yerli şirkətlər arasında əməkdaşlığın və qarşılıqlı tanışlıq səfərlərinin, media nümayəndələri üçün infoturların təşkili məsələləri müzakirə olunub. Eyni zamanda Azərbaycanda mövcud olan turizm investisiya layihələrinə Səudiyyə Ərəbistanı sərmayəçilərinin cəlb olunması məsələsinə dair tərəflər öz fikirlərini bildiriblər.
 

  Fəxriyyə Abdullayeva