«Şərab Yolu» beynəlxalq mədəni turizm marşrutu Avropada böyük maraq doğurub
   
   Noyabrın 23-24-də Lüksemburqda Avropa Şurasının Mədəni Marşrutlar üzrə Məşvərət Forumu keçirilib. Tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdir müavini-daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov təmsil edib.
   
   Forumda məruzəçilər tərəfindən “Avropa Şurasının Mədəni Marşrutlarının yeni mərhələsi”, “Mədəni marşrutların strateji perspektivləri və əldə olunan birgə səmərəli nəticələr”, “Avropa İttifaqının 2014-2021-ci illər üzrə mədəni marşrutların inkişaf planı” və “Avropanın Hissəvi Sazişi çərçivəsində Avropa Mədəni Marşrutlar İnstitutunun vəzifələri” və mədəni marşrutların müvafiq sahələrin inkişafına göstərdiyi təsiri, brendləşdirilməsi, yeni texnologiyalardan istifadəsi mövzularında çıxışlar olub.
   Avropa Şurasının mədəniyyət, mədəni və təbii irs üzrə direktoru Robert Palmer mədəni marşrutların sosial, iqtisadi və mədəni inkişaf sahələrinə təsirinin öyrənilməsi sahəsində əldə olunan nəticələrə münasibətini bildirib. Sonra isə Avropa Şurasının sifarişi əsasında mədəni marşrutlara dair hazırlanmış film nümayiş olunub.
   Mahir Qəhrəmanovun sözlərinə görə, forum çərçivəsində Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən sertifikatlaşdırılmış və hazırda fəaliyyətdə olan müxtəlif marşrutların təqdimatı da keçirilib: «Məlumat üçün bildirim ki, Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən 21 beynəlxalq mədəni turizm marşrutu sertifikatlaşdırılıb. Təqdim olunan mədəni marşrutlar arasında “Avropanın keramika marşrutları”, “Termal irs və termal şəhərlər”, “Qaya üzərində rəsm incəsənəti cığırları”, “Zeytun ağacları marşrutu” və “İter Vitas şərab marşrutu” haqqında məlumatlar xüsusi maraq doğurdu. Onu da qeyd edim ki, Azərbaycanın «Şərab Yolu» beynəlxalq mədəni turizm marşrutu artıq “İter Vitas şərab marşrutu” layihəsinə daxil edilib. Azərbaycanın turizm və mədəni dəyərləri bu layihə çərçivəsində Avropa məkanında təbliğ olunub».
   Tədbir zamanı nazirlik rəsmisi Avropa Mədəni Marşrutlar İnstitutunun direktoru Mişel Tomas-Penet, Avropa Hissəvi Sazişin prezidenti xanım Elke Altzer və icraçı katibi xanım Penelop Denu ilə görüşüb: «Görüşlərdə Azərbaycanda mövcud olan beynəlxalq mədəni turizm marşrutları, xüsusən də Avropa Şurasının “Kiyev Təşəbbüsü” layihəsi tərəfindən dəstəklənən «Aleksandr Düma Qafqazda» regional mədəni turizm marşrutu ətrafında fikir mübadiləsi aparıldı. Avropa Mədəni Marşrutlar İnstitutu tərəfindən «Aleksandr Düma Qafqazda» mədəni marşrutuna beynəlxalq sertifikatın verilməsi, Azərbaycanın Avropada fəaliyyət göstərən mədəni marşrutlara inteqrasiya olunması imkanları və bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri də müzakirə olundu».
   Forum müddətində M.Qəhrəmanov Azərbaycanda turizmin inkişafı, həmçinin ölkəmizdə artıq fəaliyyət göstərən və turistlər tərəfindən ziyarət olunan regional mədəni turizm marşrutları haqqında da ətraflı məlumatlar verib.
   

Fəxriyyə Abdullayeva