“Şahdag” Qış-Yay Turizm Kompleksi bir neçə aydan sonra ilk turistləri qəbul edəcək. Artıq kanat yolun, xizək enişinin, lift bazalarının tikintisi başa çatır. Dördulduzlu hotelin tikintisi də yekunlaşmaq üzrədir.
   Kompleksin tikintisində birinci mərhələ gələn ilin fevralında yekunlaşacaq. Birinci mərhələyə aid olan qaz, elektrik, su, rabitə və 25 kilometr uzunluğunda yolun çəkilişi artıq başa çatıb. Bu mərhələdə doqquz kanat yolunun çəkilməsi nəzərdə tutulub. Turistlərin burada qalmaları üçün tikilən dördulduzlu mehmanxanada lyuks və yarımlyuks nömrələrdən əlavə, kafe, bar və restoranlar, SPA mərkəzi, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı fəaliyyət göstərəcək. Xizək sürməyi öyrənənlər təlim mərkəzlərinə müraciət edə biləcəklər.
   Kompleksin tikintisi 4 mərhələ üzrə aparılır. Növbəti mərhələlərdə 312 yerlik beşulduzlu, 276 yerlik üçulduzlu hotellər, kotteclər, tennis, futbol və basketbol meydançaları, örtülü idman qurğuları, hovuzlar, əyləncə-oyun kompleksləri tikiləcək. Həmçinin burada ticarət mərkəzləri, restoranlar, xidmət və iaşə obyektləri, avtomobillər üçün yerüstü və yeraltı dayanacaqlar fəaliyyət göstərəcək.

Fəxriyyə