Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrı 6 yaşını qeyd edib.

Əlilliyi olan və olmayan aktyorlardan ibarət teatr 2016-cı il sentyabrın 3-də rejissor Nihad Qulamzadə tərəfindən təsis olunub.

Hazırda 20-dən çox aktyorun fəaliyyət göstərdiyi teatr dünya və Azərbaycan ədəbiyyatının diqqətçəkən nümunələrinə müraciət edir, bir sıra maraqlı layihələr həyata keçirir.
Bu illər ərzində kollektiv V.Şekspr, C.Steynbek, M.F.Axundzadə, M.Meterlinq, J.B.Molyer, J.P.Sartr və P.Turrinin əsərləri əsasında 10 tamaşa və üç perfomans təqdim edib. Teatr səhnə ilə kifayətlənməyərək, ölkədə əlilliyi olan şəxslərə daha çox diqqət ayrılması məqsədilə sosial çarxlar hazırlayıb, rəqəmsal layihələr həyata keçirib.

Bölgələrimiz qarış-qarış gəzməyi qarşısına məqsəd qoyan teatr Naxçıvanda və Lənkəranda anşlaqla tamaşalar nümayiş etdirib. Ötən il respublika üzrə keçirilən "4.4” Qısa Tamaşalar Festivalında "Qonşu" adlı səhnə əsəri ilə birinci yeri qazanıb.

Teatrın təsisçisi N.Qulamzadə 2021-ci ildə Rusiya Federasiyasının Sosial-Mədəni Təşəbbüslər Fondu tərəfindən "İsti ürək" beynəlxalq mükafatına layiq görülüb.