Oktyabrın 18-də “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində “Şah İsmayıl Xətai - 535” adlı elmi konfrans keçirilib.

Konfransı açan tarixçi Xəyalə Günəş Əyriçalmalı 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə iştirakçıları təbrik edib, sonra Şah İsmayıl Xətainin Azərbaycan tarixində rolundan bəhs edib.

Tarix elmləri doktoru, professor Şahin Fazil, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosenti Mübariz Ağalarlı çıxış edərək Şah İsmayıl Xətainin həyat və fəaliyyətindən söz açıb, onun yaddaşlara millət, dövlət quruculuğu sahəsində bir neçə mühüm strateji istiqaməti qovuşduran qüdrətli sərkərdə, dövlət xadimi kimi həkk edildiyini bildiriblər. Onun qurduğu  Azərbaycan Səfəvi dövlətinin etno-siyasi, dini-ideoloji və mədəni həyatı haqqında əhəmiyyətli məlumatlar diqqətə çatdırılıb.

Konfransda ilahiyyatçı alim Soltan Əlizadə və ilahiyyatçı Həsən Hüseyninin Şah İsmayıl Xətainin həyat və yaradıcılığı barədə məruzələri də dinlənilib. Xətainin şeirləri alimlər tərəfindən səsləndirilərək təhlil edilib.