Azərbaycan

 

26 oktyabr 1925 – Tanınmış rəssam Əşrəf Murad oğlu Murad (1925 – 11.3.1979) Bakıda anadan olub. Avanqard və nonkomformist cərəyanların nümayəndəsi kimi tanınıb, daha çox portret və natürmort janrlarında əsərlər çəkib.

26 oktyabr 1982 – Azərbaycan KP MK-nın Birinci katibi – respublikanın rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə böyük ədib Hüseyn Cavidin (1882-1941) nəşi Rusiyanın İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edilib.

26 oktyabr 1983 – Xalq artisti, violonçel ifaçısı Sabir Hüseynəli oğlu Əliyev (9.5.1928 – 1983) vəfat edib. Milli violonçel ifaçılığı sənətinin əsasını qoyub, Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.

26 oktyabr 2000 – Əməkdar mədəniyyət işçisi, aşıq Kamandar Həmid oğlu Əfəndiyev (21.10.1932 – 2000) vəfat edib.

26 oktyabr 2013 – Əməkdar artist Tofiq Əşrəf oğlu Qаrаyev (2.7.1953 – 2013) vəfat edib. Ağdam Dövlət Dram Teatrının aktyoru olub.

26 oktyabr 2014 – Yazıçı, Əməkdar mədəniyyət işçisi Cəmil Adil oğlu Əlibəyov (5.12.1927 – 2014) vəfat edib. “Azərbaycanfilm”in direktoru olub. Rus dilindən ədəbi tərcümələr edib.

26 oktyabr 2017 – Xalq artisti Rafiq Eyyub oğlu Hüseynov (4.8.1946 – 2017) vəfat edib. 30 ilə yaxın Azərbaycan Televiziyasının aparıcı diktorlarından olub.

 

27 oktyabr 1900 – Azərbaycanın və SSRİ-nin Xalq artisti, rejissor, aktyor Mixail İvanoviç Jarov (1900-1981) Moskvada doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrında (1933-1937) çalışıb.

27 oktyabr 1931 – Xalq artisti, opera müğənnisi (bariton) Mürsəl Tağı oğlu Bədirov (1931 – 26.2.2003) Dərbənd şəhərində doğulub. 1956-cı ildən Akademik Opera və Balet Teatrının solisti olub.

27 oktyabr 1931 – Əməkdar elm xadimi, filosof alim, professor Cəmil Teymur oğlu Əhmədli (1931-2010) Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olub.

27 oktyabr 1932 – Bəstəkar, Azərbaycan musiqi tarixində ilk romansların müəllifi Asəf Zeynalabdin oğlu Zeynallı (5.4.1909 – 1932) vəfat edib. Tamaşalara musiqi bəstələyib, Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub, xalq mahnılarını nota alıb.

27 oktyabr 1936 – Xalq artisti, tanınmış diktor Sabir Məmməd oğlu Ələsgərov (1936 – 20.11.2020) Tiflisdə doğulub. Azərbaycan Radiosu və  Televiziyasının baş diktoru olub.

27 oktyabr 1937 – İctimai xadim, diplomat, Azərbaycan mühacirət tarixinin tədqiqatçısı  Ramiz Abutalıb oğlu Abutalıbov (1937 – 1.1.2022) anadan olub. 1970-80-ci illərdə SSRİ-nin UNESCO-dakı nümayəndəliyində  çalışıb, 1992-2004-cü illərdə Azərbaycanın təşkilatda daimi nümayəndəsi olub.

 

28 oktyabr 1911 – Xalq yazıçısı, dramaturq, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Mirzə Əjdər oğlu İbrahimov (1911 – 17.12.1993) Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. Əsərləri: “Gələcək gün”, “Böyük dayaq” (romanlar), “Həyat”, “Kəndçi qızı” (pyeslər) və s. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) olub,  müxtəlif illərdə Yazıçılar Birliyinə rəhbərlik edib.

28 oktyabr 1927 – Tanınmış tarzən Şirin Məşədi Hüseyn oğlu Axundov (1878 –1927) vəfat edib. Bir çox ustad xanəndələri müşayiət edib.

 

Dünya

 

26 oktyabr 1819 – Yəhudi əsilli Danimarka yazıçısı, dramaturq Myer Qoldşmidt (Meir Aron Goldschmidt; 1819–1887) anadan olub.

26 oktyabr 1842 – Məşhur rus batalist rəssamı Vasili Vasilyeviç Vereşşagin (1842–1904) anadan olub. Əsərləri: “Müharibənin təntənəsi”, “Teymurləngin qapıları” və s.

 

27 oktyabr 1449 – Böyük türk (özbək) mütəfəkkiri, astronom və riyaziyyatçı, dövlət xadimi Məhəmməd Tarağay Uluqbəy (22.3.1394 – 1449) vəfat edib.

27 oktyabr 1782 – İtalyan bəstəkarı, məşhur skripkaçı Nikkolo Paqanini (Niccolo Paganini; 1782 – 27.5.1840) anadan olub.

27 oktyabr 1883 - Litva ədəbiyyatında romantizmin görkəmli nümayəndəsi, şair və dramaturq Mikolas Vaytkus (Mykolas Vaitkus; 1883-1973) anadan olub.

 

28 oktyabr Beynəlxalq Animasiya Günüdür (International Animation Day). 1892-ci ilin 28 oktyabrında fransalı ixtiraçı rəssam Emil Reno ekranda ilk animasiya lentini nümayiş etdirib.

28 oktyabr 1936 – Məşhur ukraynalı teatr rejissoru, Ukraynanın və Rusiyanın Xalq artisti Roman Qriqoryeviç Vityuk (1936 – 17.11.2020) anadan olub.

28 oktyabr 1957 – Türkiyə müğənnisi, bəstəkar Əhməd Qaya (1957 – 16.11.2000) Malatyada anadan olub.

Hazırladı: Vüqar Orxan