Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi Bakıya qastrol səfərinə gəlir. 14-18 noyabr tarixini əhatə edən səfər çərçivəsində qardaş ölkənin sənətçiləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində iki tamaşa nümayiş etdirəcək.

Teatrın vokal və balet truppalarını, xor və simfonik orkestrini təmsil edən 179 nəfərlik yaradıcı heyət noyabrın 16-da özbək bəstəkarı Ənvər Erqaşovun “Xumo” baletini təqdim edəcək. Premyerası 2005-ci ildə gerçəkləşən tamaşaya görə bəstəkar Ə.Erqaşov 2007-ci ildə Özbəkistanın I dərəcəli Dövlət mükafatına layiq görülüb.

Özbək milli baletinin ən dəyərli nümunələrindən olan tamaşada xeyirlə şərin mübarizəsi və sonda birincinin qələbəsindən bəhs edilir. Sehrli quş Xumo isə xeyirxahlıq və ədalət simvolu kimi bu mübarizəyə yardımçı olur.

Noyabrın 17-də isə özbəkistanlı opera ustaları görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin “Riqoletto” operasının tamaşası ilə bakılı sənətsevərlərin qarşısına çıxacaq.