Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Ülviyyə Heydərovanın “İnanıram” monopyesi əsasında eyniadlı yeni monotamaşa hazırlanır.

Tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Elşad Rəhimzadə, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Mustafayevadır. Monotamaşada aktrisa Zemfira Əbdülsəmədova çıxış edir.

Qadın bir dağ kəndində arxeoloji ekspedisiyada iştirak edərkən yamacda tək bir ağac görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq düşür. Həmişə arzulayır ki, işğal altında qalan dağ yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini işğaldan azad edərkən anasının haqqında çox bəhs etdiyi həmin ağacı tanımadan şəhid olur. Artıq qadının bu dünyada, sadəcə, bir sığınacağı var – yamacdakı tək ağac. Son dəfə ağacı görmək və məhz burada intihar etmək üçün qadın işğaldan azad olunmuş yamaca qayıdır...

Vətən sevgisini bütün sevgilərdən daha üstün tutan şəhidlərimizə və şəhid analarına həsr edilən səhnə əsəri dekabrın 16-da nümayiş olunacaq.

Tamaşa həmçinin Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının birgə təşkil etdiyi II “4.4” Qısa Tamaşalar Festivalında (25-30 noyabr) nümayiş etdiriləcək.