Türkiyədə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə silsilə tədbirlər davam edir.

Noyabrın 13-də Azərbaycanın Qars şəhərindəki Baş konsulluğu tərəfindən Ərdəhan Universitetində konfrans təşkil olunub. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Azərbaycanın Qarsdakı baş konsullu Nuru Quliyev və Ərdəhan Universitetinin rektoru Mehmet Biber çıxışlarında Qarabağ Zəfərinin tarixi əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, Qarabağ Zəfəri gənc nəsildə milli vətənpərvərlik hisslərinin formalaşmasına böyük təsir göstərəcək. Azərbaycan-Türkiyə qardaşlığı əzmlə qorunacaq və inkişaf etdiriləcək.

Konfrans çərçivəsində təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin acı nəticələrini əks etdirən, eləcə də Qarabağ Zəfərini tərənnüm edən fotosərginin açılışı olub.

Yerli dövlət qurumları rəhbərləri, Ərdəhan Universitetinin professor, müəllim və tələbələrinin iştirak etdiyi tədbir zəngin bədii proqramla başa çatıb.

Mehparə Sultanova
Ankara