Xəbər verildiyi kimi, noyabrın 13-də İstanbulun mərkəzində, İstiqlal küçəsində baş verən bomba partlayışı nəticəsində 6 nəfər ölüb, 80-dək insan yaralanıb. Türkiyənin müvafiq qurumlarının məlumatına görə, partlayış PKK terror təşkilatının sifarişi ilə törədilib. Bombalı çantanı əraziyə qoyan bir qadının yaxanlandığı, digər zəruri təhqiqat işlərinin davam etdiyi bildirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva faciəli hadisə ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və birinci xanım Əminə Ərdoğana, qardaş Türkiyə xalqına başsağlığı veriblər.

Azərbaycanın dövlət qurumları və təşkilatları tərəfindən Türkiyənin müvafiq qurumlarına başsağlığı məktubları göndərilib.

Türk dünyası təşkilatları da İstanbulda baş verən terroru lənətləyən bəyanatlar yayıblar.

“Birlik, bərabərlik və qardaşlığımıza qarşı həyata keçirilən alçaq və əsla məqsədinə yetməyəcək bu və bənzər hücumları şiddətlə qınayır və lənətləyirik” – deyə TÜRKSOY-un bəyanatında vurğulanır.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu İstanbulda törədilmiş terror aktı ilə bağlı Türkiyəyə başsağlığı verib.

“Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu olaraq, günahsız insanların ölümünə və yaralanmasına səbəb olan mənfur hücumu pisləyirik. Partlayış nəticəsində həyatını itirən qardaş və bacılarımıza Allahdan rəhmət, kədərli yaxınlarına və bütün Türkiyə xalqına başsağlığı, yaralananlara isə şəfa diləyirik. Türkiyəyə qarşı yönəlmiş heç bir hücum ölkənin və türk millətinin mövqeyini, əzm və qərarlılığını sarsılda bilməz. Can Türkiyəmizin yanındayıq!” – deyə başsağlığında bildirilir.