Noyabrın 14-də Beynəlxalq Türk Mədəniyyət Təşkilatı –TÜRKSOY-un Ankaradakı qərargahında Qazaxıstanın tanınmış dövlət və maarif xadimi Temirbek Jürgenova (1898-1938) həsr olunmuş “Temirbek Jürgenov. Araşdırmalar. Xatirələr. Məqalələr” kitabının təqdimat mərasimi keçirilib. Tədbir Qazaxıstan Respublikasının Türkiyədəki Səfirliyi və Avrasiya Yazıçılar Birliyi ilə birgə təşkil edilib.

Tədbirdə Qazaxıstanın Türkiyədəki səfiri Yerkebulan Sapiyev, Qırğızıstanın TÜRKSOY-dakı təmsilçisi Kanat Mambetaliev, Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu, kitabın müəllifi – Temirbek Jürgenov Fondunun rəhbəri Sabi Ansat və kitabı türk dilinə çevirən Esra Yavuz Acar iştirak ediblər.

Səfir Yerkebulan Sapiyev görkəmli ziyalı, 1938-ci ildə repressiya qurbanı olmuş T.Jürgenovun qısa ömründə Orta Asiya xalqlarının maariflənməsinə çox böyük əmək sərf etdiyini bildirib. Diqqətə çatdırıb ki, T.Jürgenov Tacikistan, Qırğızıstan və Qazaxıstanda müxtəlif vəzifələrdə çalışaraq maarifçilik fəaliyyəti göstərib.

Kanat Mambetaliev isə çıxışında T.Jürgenovun qazax xalqının tarixində xüsusi iz qoymuş şəxsiyyət kimi irsinin nəsillər və xalqlar arasında “qızıl körpü” olduğunu qeyd edib.

T.Jürgenovun Orta Asiya xalqlarının maariflənməsində roluna toxunan Yaqub Öməroğlu bildirib ki, o, təkcə Qazaxıstanda dörd mindən çox məktəb açaraq təhsil sahəsində böyük iz qoyub.

Açılış nitqlərindən sonra qazaxıstanlı sənətçilər Bekaris Nurimanov və Assem Erejekızı qazax xalq melodiyalarından ibarət musiqi proqramı təqdim ediblər.

Qeyd edək ki, TÜRKSOY-un 2023-cü il üçün xatirə illəri proqramına Temirbek Jürgenovun 125 illiyi də salınıb. Bununla bağlı müvafiq qərar TÜRKSOY Daimi Şurasının noyabrın 5-də Bursada keçirilən 39-cu toplantısında qəbul olunub.

Mehparə Sultanova
Ankara