Bakıda Avropa filmlərinin növbəti nümayişi

 

Noyabrın 14-də “The Landmark” hotel və biznes mərkəzində XII Avropa Film Festivalının açılış mərasimi olub.

Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Aİ-yə üzv dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirlikləri, “The Landmark” hotel və biznes mərkəzi və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilir.

Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko deyib: “Çox şadam ki, ənənəvi Avropa Film Festivalını biz bu il böyük ekranlara geri gətirə bildik. Biz azərbaycanlı tamaşaçılara Avropanın ən yeni filmləri, mədəniyyəti və dəyərləri haqqında daha çox məlumat əldə etmək, müzakirələrdə iştirak edib əlaqələr qurmaq imkanı vermək istəyirik”.

Qeyd edilib ki, filmlər orijinal dildə, əsasən ingilis, həmçinin Azərbaycan və türk dillərində subtitrlərlə təqdim olunacaq. Filmlər “Landmark CineClub” (Nizami küçəsi, 90) və “Deniz Mall”da “CinemaPlus” kinoteatrında nümayiş etdiriləcək.

“Avropa Film Festivallarının ənənəsinə sadiq qalaraq, “yer birinci gələnindir” prinsipi ilə bütün filmlərə giriş pulsuz olacaq”, - deyə Peter Mixalko əlavə edib.

Sonra çexiyalı rejissor Jiri Havelkanın 2019-cu ildə lentə aldığı “Owners” tragikomediyası göstərilib.

Proqrama Avropa İttifaqına üzv olan 11 ölkədən (Çex Respublikası, Almaniya, Estoniya, Fransa, Xorvatiya, Latviya, Litva, Macarıstan, Rumıniya, Slovakiya, İsveç) və Ukraynadan ümumilikdə 12 filmin nümayişi daxildir. Hər gün bir film göstəriləcək. Proqramda dram, komediya, tarixi, sənədli və digər janrlarda olan filmlər yer alıb.

Festival noyabrın 25-dək davam edəcək.

Azərbaycanda ilk dəfə 2010-cu ildə təşkil olunan Avropa Film Festivalı Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə, Avropa film sənayesi vasitəsilə Avropa dəyərlərinin daha yaxşı anlaşılmasına xidmət edir. 2020-ci ildə pandemiya səbəbindən festival keçirilməmişdi.