Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən Vətən oğulları xalqımıza dəyəri sözlə ifadə edilə bilməyən əbədi qürur miras qoyublar. Bu miras nəsildən-nəslə keçərək şanlı Zəfərimizin müəllifləri olan qəhrəman hərbçilərimizin adını yaşadacaq.

44 günlük Vətən müharibəsi şəhidlərindən daha birini tanıtmaq istəyirik: kiçik çavuş Anar Umarov.

Anar Məhəmməd oğlu Umarov 12 may 1991-ci ildə Yevlax şəhərində anadan olub. Yevlax şəhər Ş.Qurbanov adına 8 nömrəli tam orta məktəbdə təhsil alıb. 2009-cu ildə orta məktəbi bitirib, Ağstafa rayonundakı N saylı hərbi hissədə xidmət keçib. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq Yevlax və Goranboy rayonlarındakı hərbi hissələrdə xidmətini davam etdirib.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində digər igid oğullarımız kimi Anar da ön cəbhədə döyüşlərə qatılır. Yer aldığı döyüşçü qrupu tərəfindən Murovdağ istiqamətində düşmənin xeyli sayda texnika və canlı qüvvəsi məhv edilir. Anar oktyabrın 30-da Murovdağ uğrunda gedən ağır döyüşlərin birində şəhadətə yüksəlir.

Vətən müharibəsi zamanı Anarın ön xətdə xidmət etdiyini ailə üzvləri onun şəhid olmasından sonra öyrəniblər. Şəhidin atası Məhəmməd Umarov döyüş yoldaşlarının Anar haqqında dediklərinin dilə gətirir: “Hər zaman öndə gedib, ölümün gözünə dik baxıb. Ailəli olan döyüşçü yoldaşlarını qorumağa çalışıb. Deyirmiş ki, siz ailəlisiniz, mən subayam, qoyun irəlidə mən olum...”.

Atası deyir ki, Anar Vətəninə bağlı olduğu kimi, ailəsinə də bağlı idi. Diqqətcil, mehriban, qayğıkeş idi. İşlədiyi müddətdə evə tez-tez gələ bilməsə də, daim telefonla əlaqə saxlayar, hal-əhval tutardı. Arzulayırdı ki, 2021-ci ildə mənim 60 yaşımı, özünün 30 yaşını təmtəraqlı qeyd edək. Qismət olmadı. Dayısı I Qarabağ müharibəsində qazi olmuşdu. Anar uşaq yaşlarından düşmənə nifrət bəsləyir, qisas arzusu ilə yaşayırdı. Arzusuna çatdı. Allah rəhmət eləsin”.

Şəhidin anası Təranə Umarova: “Anar balaca idi, qonşunun oğlu əsgərlikdən qayıtmışdı. Onunla birgə gözaydınlığına getdik. Anar oğlandan soruşdu ki, sən əsgərlikdə nə edirdin? Qonşu onu başa salmaq üçün dedi ki, düşmənləri öldürürdüm. Anar bunu eşidən kimi “Mən də böyüyüb bir gün əsgər olacağam, düşmənləri öldürəcəyəm” dedi...”.

Təranə xanım bildirir ki, Anar sakit uşaq olub, onu heç vaxt incitməyib: “Atasından çəkinər, hər sözünü-sirrini mənimlə bölüşərdi. Həmişə deyirdi ki, mənimlə fəxr edəcəksiniz, elə də oldu. İndi təkcə bizlər deyil, xalqımız onunla fəxr edir”.

Anar Umarov noyabrın 2-də Yevlax şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ruhu şad olsun.

Nurəddin