Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Rauf Hacıyev – 100” Musiqi Festivalı çərçivəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert proqramı təqdim olunub.

Mədəniyyət Nazirliyinin dəstəyi, Gəncə Dövlət Filarmoniyası, Gəncə Regional Mədəniyyət İdarəsi və şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşan konsertdə bəstəkarın estrada mahnıları səslənib.

Konsertdən əvvəl Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxış edərək sənətkarın həyat və yaradıcılığından danışıb.

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin əməkdaşı, musiqişünas Turan Məmmədəliyeva Rauf Hacıyevin musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən bəhs edib.

Musiqi axşamının proqramı Xalq artisti Rafael Bayramovun idarə etdiyi kamera orkestri və Şəhriyar Tağıyevin rəhbərlik etdiyi “Xəmsə” estrada ansamblı tərəfindən hazırlanıb. Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, ansamblın solistləri Əli Məmmədov, Rüstəm Cəfərov, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, müğənnilər Leyla Məmmədova, Elmir Pişnamazzadə, Vasif Bayramov Rauf Hacıyevin məşhur mahnı və instrumental kompozisiyalarını ifa ediblər. Bəstəkarın “Qızlar rəqsi” adlı əsəri də ilk dəfə ifa olunub.