Azərbaycanın dünya şöhrətli musiqiçisi, caz əfsanəsi Vaqif Mustafazadənin (1940-1979) vəfatının ildönümü münasibətilə dekabrın 16-da Heydər Əliyev Mərkəzində “Anam. İçərişəhər. Xəzər…” adlı konsert proqramı təqdim edilib.

Konsertdə Alim Qasımov, Elbəy Məmmədzadə, Elçin Şirinov, Elvin Bəşirov, Emil Əfrasiyab, Etibar Əsədli, İsfar Sarabski, İsgəndər Ələsgərov, Mir Musa Seyidzadə, Nicat Aslanov, Riad Məmmədov, Ruslan Hüseynov, Şahin Növrəsli, eləcə də Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblı və dirijor Fuad İbrahimovun idarəçiliyi ilə “Bakı Kamera Orkestri (“Baku Chamber Orchestra”) çıxış edib.

Vaqif Mustafazadənin caz-muğam kompozisiyalarının səsləndiyi proqramın “Anam. İçərişəhər. Xəzər…” adlandırılması təsadüfi deyil. Xəzərin sahilində yerləşən Bakıda, İçərişəhərdə dünyaya göz açan Vaqif Mustafazadə yaradıcılığındakı uğurların səbəblərindən söz açarkən deyərdi: “Çünki anam, İçərişəhər və bir də dəniz var...”.

Vaqif Mustafazadə ilk təhsilini anası Zivər Əliyevanın da çalışdığı Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki musiqi məktəbində alıb. Təhsilini 1957-1963-cü illərdə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində davam etdirib. 1964-cü ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olub, amma burada təhsilini davam etdirməyib. 1965-ci ildə Tbilisiyə məşhur “Orero” ansamblına musiqi rəhbəri kimi dəvət edilib, həmin il Gürcüstan Dövlət Filarmoniyasının nəzdində “Qafqaz” caz triosunu yaradıb. 1967-68-ci illərdə Estoniyanın paytaxtı Tallində beynəlxalq caz festivallarında iştirak edib.

1968-ci ildə görkəmli bəstəkar, həmin dövrdə respublikanın mədəniyyət naziri olan Rauf Hacıyevin dəvəti ilə Azərbaycana qayıdan Vaqif Mustafazadə bir il sonra Bakıda “Caz-69” festivalının qalibi olub. 1970-ci ildə “Leyli” vokal kvartetini, 1971-ci ildə Dövlət Teleradiosunun nəzdində “Sevil” vokal-instrumental ansamblını yaradıb.

1978-ci ildə Tbilisidə caz festivalında laureat adına və ən yaxşı pianoçu mükafatına layiq görülüb. 1979-cu ildə “Əzizəni gözləyərkən” kompozisiyası ilə Monakoda beynəlxalq caz kompozisiyaları müsabiqəsində birinci yeri və “Ağ royal” mükafatını qazanıb. Həmin il Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 1978-ci ilin dekabrında Daşkəndə qastrolda olarkən vəfat edib.

Vaqif Mustafazadə muğamlarımızı ənənəvi caz texnikası ilə birləşdirərək musiqidə yeni bir janrın – caz-muğamın yaradıcısı olub. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu gün də aktualdır və bir çox musiqiçilər ifalarında Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edirlər.