Görkəmli publisist, tanınmış maarifçi və ictimai-siyasi xadim Ömər Faiq Nemanzadənin (1872-1937) 150 illik yubileyi münasibətilə dekabrın 16-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi sessiya keçirilib.

“Ömər Faiq Nemanzadə və epoxası” adlı sessiyada çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli XX əsrin əvvəllərində milli mətbuat və ictimai fikir tarixinə parlaq səhifələr yazmış maarifpərvər ziyalının 150 illiyinin ölkə başçısının müvafiq sərəncamı ilə qeyd olunmasının əhəmiyyətini vurğulayıb. O, Ömər Faiq Nemanzadənin “Molla Nəsrəddin” ədəbi məktəbinin əsas yaradıcılarından, Cəlil Məmmədquluzadənin ən yaxın silahdaşlarından biri olduğunu deyərək bildirib ki, görkəmli ədibin publisistikasında dövrün ən mühüm məsələləri həm vətəndaş, həm alim-ziyalı mövqeyindən təqdim olunub.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru professor Eynulla Mədətli sessiyada “Ömər Faiq Nemanzadənin ictimai-siyasi fəaliyyəti” adlı məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, Qafqazın türk əhalisinin maariflənməsi naminə fədakarlıq göstərən, dəfələrlə həbsə məruz qalan və 1937-ci ildə faciəvi aqibətə qovuşan Ömər Faiq Nemanzadə XX əsrin əvvəlində Qafqaz türk xalqlarının milli özünüdərketmə, sosial formalaşma və mədəniyyət proseslərinin hərəkətverici qüvvəsi olub. Vurğulanıb ki, Ömər Faiq Nemanzadə repressiya edildikdən sonra onun adı Sovet İttifaqı dağılana qədər, demək olar ki, heç yad edilməyib. Ədibin yaradıcılığına ilk dəfə tədqiqatçı-alim Şamil Qurbanov münasibət bildirib. Onunla bağlı tədqiqatlara 1980-ci illərin ortalarından sonra başlanılıb.

Elmi sessiyada daha sonra professor Solmaz Rüstəmova-Tohidi “Ömər Faiq Nemanzadənin ictimai-siyasi baxışları”, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Vahabova “Ömər Faiq Nemanzadə çağdaş ədəbiyyatşünaslıqda”, filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva “Ömər Faiq Nemanzadə və “Molla Nəsrəddin” ədəbi məktəbi” və filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə İsmayılova “Ömər Faiq Nemanzadə yaradıcılığında dil məsələləri” mövzularında məruzələrlə çıxış ediblər.

Ömər Faiq Nemanzadənin nəvəsi Fuad Pepinov çıxış edərək maarifçi-ədibə verilən böyük dəyərə görə ailə üzvləri adından minnətdarlığını bildirib.

Tədbir çərçivəsində filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Vahabovanın “Ömər Faiq Nemanzadə: həyatı və yaradıcılığı. Sənətkarın elmi passportu-35” adlı kitabının təqdimatı da olub. Ədəbiyyat İnstitutu Elmi şurasının qərarı ilə nəşr olunan kitabda Ömər Faiq Nemanzadənin həyat və fəaliyyəti araşdırılıb, zəngin elmi irsi tədqiqata cəlb olunub.