Xəbər verdiyimiz kimi, dekabrın 17-də Bakı Dövlət Sirkində “Güzgülər dünyası” adlı sirk proqramı başlanıb. Qış mövsümünün ilk proqramı tamaşaçılara Yeni il ərməğanı olacaq.

Proqramın ilk nümayişi zamanı mediaya açıqlama verən Bakı Dövlət Sirkinin direktor vəzifəsini icra edən Nahid Ağayev diqqətə çatdırıb ki, artıq sirk ilin bütün fəsillərində maraqlı, rəngarəng layihələr təqdim edir.

Nahid Ağayev bildirib ki, budəfəki Yeni il layihəsinin əvvəlki layihələrdən fərqli özəllikləri var. “Güzgülər dünyası” proqramı maraqlı süjet xətti və performanslarla yadda qalacaq. Müasir sirk nümunələrini nümayiş etdirməyi qarşısına məqsəd qoyan Bakı Dövlət Sirki hazırladığı budəfəki şouda yeni dekorasiyalarla, fərqli musiqi tərtibatı və işıq effektləri ilə tamaşaçıların görüşünə gəlib.

“Güzgülər dünyası” proqramının hekayəsində şər qüvvələrlə xeyirxah şahzadənin mübarizəsindən bəhs edilir. Bundan başqa, Bakı Dövlət Sirki uzun illərdən sonra Qarabağ atlarının çıxışı ilə milli sirk nömrəsi də hazırlayıb. Proqramların təşkilatçısı azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur.

Musiqili rəqs şouları, hava gimnastlarının qeyri-adi tryukları, klounların yumor dolu çıxışları, balet şousu və transformasiya illüziyası kimi nömrələrlə zəngin olan sirk şousuna baxmaq istəyənlərin nəzərinə çatdırırıq ki, proqram yanvarın 8-dək davam edəcək.